Vahid Əhmədov: "Rəqabət Məcəlləsi ilə yüksək qiymət müəyyənləşəcək ki, marketlər məhsula bundan artıq qiymət qoya bilməyəcək"

Vahid Əhmədov: "Rəqabət Məcəlləsi ilə yüksək qiymət müəyyənləşəcək ki, marketlər məhsula bundan artıq qiymət qoya bilməyəcək" Foto: Milli Məclis
3 Oktyabr 2023
Mətni dəyiş

Milli Məclis Rəqabət Məcəlləsini birinci oxunuşdan qəbul edib

Oktyabrın 2-də Milli Məclis uzun illərdir qəbul edilməsi gözlənilən Rəqabət Məcəlləsini müzakirəyə çıxarıb və ilk oxunuşda qəbul edib.

Layihənin mətni ictimaiyyətə açıqlanmasa da, daxili bazarda rəqabət mühitinə təsirlər üçün bir sıra məsələlər nəzərdə tutulub. Layihəni İqtisadiyyat Nazirliyi hazırlayıb, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib. Bəs görəsən, layihədə əsasən hansı məsələlər nəzərdə tutulub?

Millət vəkili Vahid Əhmədov deyir ki, uzun illərdir parlamentə daxil olmasını gözlədikləri bu qanundakı müddəalar həyata keçsə, daxili bazarda müsbətə doğru ciddi dəyişikliklər olacaq.

Onun sözlərinə görə, məcəllənin hazırlanmasında məqsəd odur ki, ölkədə olan bir sıra inhisarçı mövqelər aradan götürülsün, daxili bazarda haqsız rəqabət bitsin.

“Eyni zamanda, sahibkarların, xüsusən də kiçik və orta sahibkarların bazarda normal fəaliyyət göstərməsi üçün hazırlanan bir məcəllədir. İlkin məsələ odur ki,  nəzarət üçün “Rəqabət Komissiyası”nın yaradılması nəzərdə tutulur.

Ancaq biz təklif etdik ki, bu işləri həyata keçirmək üçün həmin rəqabət orqanının xüsusi səlahiyyəti olsun. Yəni, kim tərəfindən yaradılması, kimə tabe olması əsas məsələlərdən biridir.

Mən düşünürəm ki, qanunun icrasının təmin olunması üçün nəzarəti yuxarı vəzifədə olan şəxs həyata keçirməlidir. Dövlət başçısı, baş nazir. Məsələn, Hesablama Palatası Milli Məclisə tabedir, kifayət qədər də yaxşı fəaliyyət göstərir”, – deyə o, bildirib.

Vahid Əhmədovun sözlərinə görə, bazarda iştirak payı 50 faizdən yüksək olan təsərrüfat subyektləri hökmran mövqedə hesab ediləcəklər. Yeni məcəllə ilə bu fəaliyyətə icazə verilməyəcək.

“Bəzi hallarda 2 təsərrüfatın birləşərək bazarda 50 faizdən çox iştirak payına sahib olmasına da icazə verilməyəcək, çünki bu da inhisarçılıq sayılır.

Bunlarla bərabər, bazarda 35 faiz payı olan və başqa müxtəlif vasitələrlə bazara təsirləri olan şirkətlər də hökmran mövqe tutmuş hesab olunacaq və buna da imkan verilməyəcək. Rəqabət orqanı onlara xəbərdalıq edəcək, əməl edilməsə, cərimələr və digər sanksiyalar tətbiq olunacaq”, – deyə o vurğulayıb.

V.Əhmədov bildirib ki, süni qiymət artımları ilə bağlı da tədbirlər görüləcək. Onun sözlərinə görə, bunun üçün qiymət meyarları müəyyən ediləcək:

“İnsanları narahat edən digər əsas məsələ o idi ki, market şəbəkələri bazarda qiymətləri müəyyənləşdirirlər. Bu da süni qiymət artımına səbəb olurdu. Bunun qarşısının alınması üçün Rəqabət Məcəlləsində aşağı və yüksək inhisar qiymət meyarları müəyyənləşəcək. Yəni, gömrük və vergi xərclərini çıxsaq, marketlər qiymətləri müəyyən edilmiş gəlirlik bazasından yuxarı təyin edə bilməyəcəklər.

Müəyyən cərimələr və sanksiyalar məsələsi də var ki, onlarla bağlı hazırda müzakirə gedir deyə bir şey demirəm. Təkliflərimiz də var”, – deyə Vahid Əhmədov bildirib.

Sentyabrın 26-da Antiinhisar və İstehlak Bazarlarına Nəzarət üzrə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Milli Məclisin komitə iclasında Rəqabət Məcəlləsi layihəsinin ictimai dinləməsi zamanı bildirib ki, yeni məcəllə ilə vəzifəli şəxslər üçün əlavə maliyyə sanksiyaları tətbiq ediləcək:

"Bu gün bizə müraciət edilərək bildirilir ki, rəqib digər sahibkarın bazardan çəkilməsini, iştirak etməməsini tələb edir. Yeni qanunvericilikdə rəqabət aparmamaq öhdəliyinin qadağan edilməsi ilə bağlı fəaliyyət əks olunub.

Digər məsələ, bu gün müxtəlif bazar subyektləri var ki, ya sahibkarı dolayısıyla eynidir, ya da qohumluq əlaqələri əsasında eyni sahibkarlıq subyektlərini fərqli insanlar idarə edir. Bu vaxta qədər qanunvericlikdə bununla bağlı tənzimləmə yox idi. Amma yeni qanunvericiliklə olacaq.

Vəzifəli şəxslər üçün əlavə maliyyə sanksiyaları tətbiq ediləcək. Maliyyə sanksiyaları və cərimələrin əsas məqsədi dövlət büdcəsini doldurmaq yox, gələcəkdə bu cür qanun pozuntularından çəkindirmək prinsipi olacaq”.

Rəqabət Məcəlləsini ilk dəfə 2006-cı ildə ölkə başçısı Milli Məclisə təqdim edib. Qanun layihəsi 2 oxunuşdan keçsə də, 3-cü oxunuşa çıxarılmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun