Avropa Azərbaycanla enerji əməkdaşlığını dayandırsa, ölkə hansı çətinliklərlə üzləşər?

Avropa Azərbaycanla enerji əməkdaşlığını dayandırsa, ölkə hansı çətinliklərlə üzləşər? Foto: Sfera az
22 Yanvar 2024
Mətni dəyiş

Ekspert: “Büdcəmiz birbaşa neft-qaz gəlirlərindən asılıdır və əsas alıcımız da Avropadır”

İqtidara yaxın siyasətçilər tez-tez yerli KİV-də Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolundan danışırlar. Tezislər onun üzərində qurulur ki, Azərbaycan enerji sahəsində Avropanın etibarlı tərəfdaşıdır və əsas enerji təminatçılarından biridir.

Yanvarın 10-da ölkə başçısı İlham Əliyev də yerli televiziyalara müsahibəsində bu tezislərlə bağlı fikirlər səsləndirib. O bildirib ki, Azərbaycandan qaz ixracının dayandırılması Avropa üçün heç arzuolunan deyil:

“Sentyabrdakı hərbi əməliyyatlardan sonra Avropa Parlamentinin sədri bildirmişdi ki, Azərbaycanla Avropanın qaz əməkdaşlığı dayandırılmalıdır. Avropa Parlamentinin sədri kiçik vəzifə deyil və əgər bu şəxs bunu deyirsə, deməli, burada düşünməyə mövzu var.

Əgər hər hansı bir səbəbdən bu mövqe üstünlük təşkil etsə, onda sadəcə olaraq bizimlə uzunmüddətli müqavilələr imzalayan şirkətlər 100 milyonlarla, bəlkə də milyardlarla avro dəyərində cərimələr ödəməli olacaqlar.

Azərbaycan qaz ixracından neft ixracı ilə müqayisədə qat-qat az gəlir əldə edir. Prinsip etibarilə əgər fərz etsək ki, bu gün bizim qaz ixracımız yoxdur, adi vətəndaş bunu heç vaxt hiss etməyəcək. Əgər bizim qazımızın Avropaya nəqli hansısa səbəbə görə kəsilsə, onda bir çox ölkələr daha çətin vəziyyətə düşəcək və bunu Avropada hər kəs başa düşməlidir”, – deyə prezident bildirib.

Bəs, görəsən, rəqəmlər nə deyir? Avropa ilə Azərbaycan arasındakı enerji əməkdaşlığı dayansa, bundan ən çox kim əziyyət çəkəcək?

İqtisadçı ekspert Rövşən Ağayev deyir ki, Avropanın enerji tələbatında Azərbaycanın payı 2 faiz ətrafındadır. Onun sözlərinə görə, birbaşa Avropaya gedən qaz isə daha azdır:

“Biz təxminən 20 milyard kubmetr qaz ixrac edirik. Bunun da yarısı heç birbaşa Avropanın özünə getmir. Gürcüstan və Türkiyəyə göndərilir ki, onlara da qazı bazar qiymətlərinə yox, müqavilə qiymətinə satırıq.

Avropanın 500 milyard kubmetr ətrafında istehlakı var. Biz isə Avropaya birbaşa 10 milyard kubmetrdən bir az artıq qaz veririk. Yəni, Türkiyə və Gürcüstanı çıxsaq, bizim Avropaya birbaşa ixrac etdiyimiz qazın Avropanın qaz tələbatındakı payı 1 faiz civarındadır. Ola bilər ki, Avropanın hansısa konkret ölkəsində daha çox payımız var, məsələn, Bolqarstan kimi. Amma ümumilikdə rəqəmlər göstərir ki, bu, çox kiçik həcmli paydır”, – deyə o qeyd edib.

Energetika Nazirliyinin rəsmi məlumatlarına əsasən, 2023-cü ildə xaricə qaz satışı 23,8 milyard kubmetr təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz çoxdur. Avropaya 11,8 milyard kubmetr, Türkiyəyə 9,5 milyard kubmetr, Gürcüstana isə 2,5 milyard kubmetr qaz satılıb.

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına əsasən, 2023-cü ildə ölkədən 16 milyard 240 milyon 829 min dollar dəyərində xam neft, 13 milyard 678 milyon 344 min dollar dəyərində təbii qaz ixrac edilib.

R.Ağayev deyir ki, Azərbaycanın qaz ixracının 50 faizi, xam neft ixracının isə 80 faizindən çoxu Avropaya gedir. Onun fikrincə, Avropa Azərbaycanla neft-qaz sahəsindəki əməkdaşlığı dayandırsa, bu, Azərbaycanda ciddi şəkildə çöküşə səbəb ola bilər:

“Ukraynada müharibə başlayandan sonra Rusiyaya sanksiyalar qoyuldu. Rusiya qazının və neftinin alınmasından böyük ölçüdə imtina olundu. Rusiya kimi nəhəng istehsalçıdan və Avropanın neft-qaz təminatında çox böyük payı olan bir ölkədən imtina edirlərsə, payı cəmi 1 faiz olan Azərbaycanla bağlı vəziyyəti təxmin etmək çətin deyil.

Məncə, qaz ixracının dayandırılmasından sonra Avropanın əziyyət çəkəcəyi ciddi arqument deyil, əksinə, biz ciddi şəkildə çökə bilərik. Çünki bizim bütün büdcəmiz, ixracımız birbaşa neft-qaz gəlirlərindən asılıdır və neft-qazımız da əsasən Avropaya gedir.

Eyni zamanda, biz idxaldan çox ciddi şəkildə asılıyıq. Qida və dərman, maşın və avadanlıq idxalında əsasən Qərbdən asılıyıq” - iqtisadçı belə deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun