Rusiya Krım körpüsünün partladılmasına görə erməni və gürcüləri ittiham edir

Rusiya Krım körpüsünün partladılmasına görə erməni və gürcüləri ittiham edir
13 Oktyabr 2022
Mətni dəyiş

Rusiya Federal Təhlükəsizlik Xidməti partlayışda əli olan 10 nəfəri müəyyən etdiyini açıqlayıb

Rusiya xüsusi xidmət orqanları Krım körpüsündə baş verən partlayışla bağlı istintaq çərçivəsində bir Ermənistan vətəndaşını həbs edib, iki Gürcüstan vətəndaşının isə ittiham olunduğunu elan edib. 

OC Media-nın məlumatına görə, Rusiya rəsmiləri partlayıcı maddələrin Gürcüstan və Ermənistan vasitəsilə Rusiyaya aparıldığını iddia edirlər. 

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) və İstintaq Komitəsi partlayışda əli olduğunu iddia etdiyi azı 10 nəfəri müəyyən edib. 

FSB-nin məlumatına görə, partlayıcılar oktyabrın 4-də Gürcüstanla sərhəddə yerləşən Yuxarı Lars keçid məntəqəsindən Rusiyaya daxil olub, yük kimi tikinti polietilen plyonkalarında “kamuflyaj” edilib.

FSB-nin bəyanatında həmçinin Ukrayna hərbi kəşfiyyatı və onun rəhbəri Kirill Budanov “terror hücumunu” təşkil etməkdə ittiham edilib. Ukrayna rəsmi olaraq iştirakını nə təsdiq, nə də təkzib edib.

İstintaq Komitəsinin məlumatına görə, partlayış nəticəsində yük maşınının sürücüsü də daxil olmaqla azı 3 nəfər həlak olub. Digər iki qurbanın isə partlayış zamanı yük maşınının yanında olan avtomobilin sərnişinləri olduğu bildirilir. 

Yük maşınının sürücüsü, 51 yaşlı Mahir Yusubov Rusiyanın Krasnodar diyarında yaşayan etnik azərbaycanlı olub. Hadisədən sonra yük maşınının qeydiyyatdan keçmiş sahibi olan qardaşı oğlu Samir Yusubov video müraciət edərək partlayışla heç bir əlaqəsinin olmadığını bildirib.

Reaksiyalar

Ermənistan Milli Təhlükəsizlik Xidməti iddiaları araşdırmaq üçün cinayət işi açıb.

Ölkənin Dövlət Gəlirləri Komitəsi də avtomobilin Ermənistana giriş-çıxışı ilə bağlı açıqlama yayıb və bildirib ki, avtomobil qəbul edilmiş “Avrasiya İqtisadi İttifaqı təcrübələri”nə uyğun olaraq yoxlanılarkən heç bir risk faktoru qeydə alınmayıb.:

“Yükün Ermənistan Respublikasına daxil olması, gömrük nəzarəti, rentgen müayinəsi, gömrük rəsmiləşdirilməsi, sənədlərin hazırlanması və ixrac prosesləri lazımi qaydada və qanuni şəkildə həyata keçirilib”.

Gəlirlər Komitəsinin məlumatına görə, Gürcüstanda yaşayan Ermənistan vətəndaşı Artur Terçanyanın idarə etdiyi avtomobil sentyabrın 27-də Gürcüstan ərazisindən Ermənistana daxil olub və oktyabrın 1-də Rusiya istiqamətində ölkədən çıxıb. 

Gürcüstan daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze və maliyyə nazirinin birinci müavini Giorgi Kakauridze FSB-nin iddialarını rədd edib:

“Başqasını bir şeyə görə günahlandırmaq asandır, amma faktlar yoxdursa, bu, sadəcə olaraq təmtəraqlı danışıqdır. Tərkibində trotil və ya hər hansı digər partlayıcı maddə olan heç bir treyler Gürcüstan gömrük sərhədindən keçməyib”.

Kakauridze əlavə edib ki, yükün Gürcüstan sərhədindən keçməsi iddiasını “kimsə əsaslandırsa” araşdırma başlanacaq. 

Oktyabrın 8-də partlayış nəticəsində Rusiyanı Krımla birləşdirən körpü ciddi şəkildə zədələnib, iki zolaq qismən dağılıb.

Bu yazı OC Media ilə əməkdaşlıq əsasında yayımlanır. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun