ABŞ Konqresinin üzvü Azərbaycandan rüşvət almaqda ittiham olunur

ABŞ Konqresinin üzvü Azərbaycandan rüşvət almaqda ittiham olunur Foto: ABC News
4 May 2024
Mətni dəyiş

ABŞ-ın Demokratlar Partiyasından olan senator Henri Kuelyar və həyat yoldaşı İmelda Kuelyar Azərbaycandan 600 min dollar rüşvət almaqda ittiham olunur.

“Associated Press” agentliyi yazır ki, 68 yaşlı Kuelyar və həyat yoldaşı bu vəsaiti 2014-2021-ci illərdə Meksikada yerləşən bank vasitəsilə Azərbaycanın enerji şirkətindən qəbul edib.

İttihama görə, senator qəbul etdiyi pulun müqabilində Azərbaycan hökumətinin xeyrinə olan qanun layihəsinin təsdiqlənməsinə çalışmalı və Nümayəndələr Palatasında Azərbaycanın xeyrinə çıxış etməli imiş.

Ədliyyə Departamentindən bildirilib ki, cütlük hüquq-mühafizə orqanlarına təslim olandan sonra saxlanılıb. Hyustonda federal məhkəmə qarşısına çıxardılan Kuelyarla həyat yoldaşı hər biri 100 min dollar girov ödəməklə məhkəməyə qədər azadlığa buraxılıblar.

Günahsız olduğunu deyən Kuelyar bildirib ki, o, bu addımı atmazdan əvvəl Konqresin Etika Komissiyasından və başqa bir hüquq firmasından hüquqi məsləhət alıb.

“Vəziyyəti izah etmək üçün Vaşinqton prokurorluğuna müraciət etsək də, onlar işi müzakirə etməkdən və bizi dinləməkdən imtina etdilər”, – deyə Kuelyar bildirib.

Saytın yazdığına görə, cütlük rüşvət və konspirasiyadan əlavə, çirkli pulların yuyulmasında da ittiham olunurlar. İttiham təsdiqini taparsa, Konqres üzvü ilə həyat yoldaşını həbs və əmlak müsadirəsi gözləyir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun