Şahin Cəfərli: "Ermənistan ictimai şüurunda Rusiyadan qopma prosesi gedir"

Şahin Cəfərli: "Ermənistan ictimai şüurunda Rusiyadan qopma prosesi gedir"
2 İyul 2021
Mətni dəyiş

Ermənistanda müharibədən sonra bütün siyasi qüvvələrin ortaq tələbi ilə nəzərdə tutulan parlament seçkiləri keçirildi. Gözlənildiyi kimi, baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyası növbədənkənar parlament seçkilərində qalib gəldi. Yeni nəticələrlə, Paşinyanın əleyhdarları da parlamentdə yer qazandılar. Son seçkilərdən sonra Ermənistanda və regionda vəziyyət necə olacaq? 

'Abzas' bu barədə politoloq Şahin Cəfərlidən müsahibə alıb.

- Şahin bəy, Ermənistanda seçkilərdə Paşinyan qələbə qazandı, amma buna baxmayaraq, uzun müddətdir aktiv siyasətdə olmayan bəzi siyasətçilər seçki prosesi və nəticələri ilə yenidən aktiv siyasətə qayıtdılar. Sizcə, onların bundan sonrakı fəaliyyəti necə olacaq?

- Ermənistandakı seçkilərin nəticələrindən biri də bu seçkilərdən sonra yeni parlament müxalifətinin ortaya çıxmasıdır. Söhbət keçmiş prezident Robert Köçəryanın “Ermənistan” blokundan və Serj Sarkisyanla Artur Vanetsyanın birlikdə rəhbərlik etdikləri “Mənim şərəfim var” blokundan gedir. Düzdür, Artur Vanetsyanın bloku bloklar üçün nəzərdə tutulan 7 faizlik minimal baryeri keçməmişdi, amma Ermənistan konstitusiyası iki partiyalı sistemə imkan vermədiyi üçün bu blok da parlamentə keçmiş oldu. Hazırda keçmiş prezident Robert Köçəryan faktiki olaraq ana müxalifət lideri rolundadır. O, hazırda parlamentə gedib-getməmək mövzusunda tərəddüd edir, bildirir ki, o özünü daha çox icra hakimiyyətləri orqanının rəhbəri kimi təsəvvür edir, amma mən düşünürəm ki, Robert Köçəryanın bloku parlametə daxil olacaq. Ən azı ona görə ki, bütün beynəlxalq aləm, o cümlədən də Rusiya dövləti seçkilərin nəticələrini tanıyıb.

Bu baxımdan mən düşünmürəm ki, Rusiyaya bağlı qüvvələrin seçildiyi halda parlamentdən kənar qalması hansısa effektiv nəticələr versin. Onlar parlamentə gedəcəklər və əsas fəaliyyətləri Paşinyan hakimiyyətinin səhvlərini üzə çıxartmaqla hökumətin sütunlarını zəiflətməkdən və xalqdan aldıqları etimad kreditlərini böyütməkdən ibarət olacaq. Amma mən düşünmürəm ki, Ermənistanda keçmiş siyasətçilərin böyük dəstəyi olsun. Son seçkilərin nəticələri də göstərdi ki, Serj Sarkisyan və Robert Köçəryan kimi siyasətçilərin Ermənistanda heç bir perspektivi yoxdur.

- Paşinyanı adətən qərbyönümlü siyasətçi kimi alqılayırlar. Hətta Ermənistandakı hazırkı vəziyyətin Rusiyanın istəyi ilə baş verdiyi də iddia olunur. Sizcə, Rusiya bu nəticə ilə barışıb Paşinyanla davam edəcəkmi?

- Rusiya artıq Ermənistandakı seçkilərin nəticələrini tanıyıb və qəbul edib. Yəni, Paşinyan hökuməti ilə əməkdaşlığı davam etdirəcəklər. Əslində Paşinyanın qərbyönümlülüyünü şişirtməyə çox da gərək yoxdur. Bəli, Paşinyan dünya görüşü baxımından qərbyönümlüdür, amma əsas məsələ praktiki siyatədir. Praktiki baxımdan Paşinyanın bu gün Rusiya ilə münasibətlərə son qoyaraq Qərbə üz tutmasına gücü və iradəsi çatmır. Ermənistanın hazırki şəraitində Rusiyadan qoparaq Qərbə istiqamətlənməsi çox təhlükəli nəticələrə səbəb ola bilər. Paşinyanın da bunu etmək istədiyinə inanmıram. Reallıq bundadır ki, Ermənistan və Rusiyanın müttəfiqlik müqavilələri qüvvədədir. Məsələn, Rusiya hərbi bazasının Ermənistanda qalma müddəti 2044-cü ildə bitir, hələ 23 il var. Yəni, əlbəttə ki, Rusiya - Ermənistan müttəfiqliyi davam edəcək. Sadəcə olaraq 2018-ci il inqilabından sonra Ermənistanın ictimai şüurunda Rusiyadan qopma prosesi gedir. Bunun dövlət siyasətinə də təsir edəcəyini demək hələ çox tezdir.

- Qarabağdakı sonra proseslərdən sonra Rusiya Dağlıq Qarabağı nəzarətə götürdü. Artıq demək olar ki, əsas alətlər Rusiyanın əlindədir. Bu halda belə Paşinyanın nəyi lazımdır Rusiyaya?

- Ermənistan Rusiya əlaqələri çox dərindir. Uzunmüddətli müttəfiqlik müqavilələri imzalanıb. Bunları bir anda qırmaq qeyri-mümkündür. Digər tərəfdən də, hələki regionda sülhün bərqərar olduğunu demək çox tezdir. Ermənistan həm Azərbaycan istiqamətindən, həm də Türkiyə istiqamətindən bir təhdid hiss edir özünə qarşı. Bu baxımdan Ermənistan Rusiya ilə müttəfiqliyi yüksək qiymətləndirir. Son sərhəd məsələsində də biz gördük ki, Paşinyan şəxsən özü Rusiyadan tələb etdi ki, sərhəddə müşahidəçilər yerləşdirsin. Hazırda bununla bağlı müzakirələr gedir. Ola bilsin ki, sərhəddin Zəngəzur istiqamətində Rusiya əsgərləri yerləşdirilsin. Yəni, qeyd etdiyim kimi, Ermənistanın Rusiyadan qopmasını gözləmək sadəlöhvlük olardı.

- Paşinyanın qələbəsindən sonra Qərbin Qarabağ prosesinə daha aktiv müdaxiləsini görə bilərikmi?

- 10 noyabr 2020-ci il bəyənatı və 11 noyabr sazişi ilə Rusiya faktiki olaraq Qərbi oyundan kənar vəziyyətdə qoydu. Qərb yalnız bu sonuncu mina xəritələri və əsir mübadiləsi prosesində aktivlik nümayiş etdirdi. Amma mən inanmıram bundan sonra Qərbin burda həlledici rol oynayacağı məsələsinə. Proses Rusiyanın liderliyində gedir. Bu üçtərəfli proses də konkret razılaşmalara söykənir. Təbii ki, Qərb də ən azından bölgədə müəyyən maraqlarını təmin etmək baxımından bu prosesdən tam kənarda qalmayacaq. Biz yəqin ki, Qərbin də hansısa həmlələrini müşahidə edəcəyik. Fransa və Amerika ATƏT-in Minsk qrupunun üzvləridir. Nə qədər ki, sülh müqaviləsi imzalanmayacaq, bu qrup da fəaliyyət göstərəcək. Qərb də bu formatda aktivlik nümayiş etdirməyə çalışacaq.

- Artıq regionda yeganə ciddi demokratiya problemləri olan ölkə Azərbaycandır. Ölkənin dünyada ədalət gözlədiyi əsas məsələ, Qarabağ məsələsi də qismən həll olundu. Sizcə, demokratiya və insan haqları baxımından Qərbin Azərbaycana münasibətində bir hərəkətlilik ola bilərmi?

- Biz əgər Qərb - Azərbaycan münasibətlərinin yaxın tarixinə nəzər salsaq, görərik ki, demokratiya və insan haqları məsələsi Qərbin Azərbaycanla münasibətlərində və dialoqunda heç də birinci sırada olmayıb. Düzdür, Qərb mütəmadi olaraq bu məsələni Azərbaycan hökumətinin qarşısında qaldırıb, amma Qərbin Azərbaycanla əsas əməkdaşlıq istiqamətləri daha çox enerji və təhlükəsizlik məsələlərində olub. Hazırda da belədir. Ona görə də açıq deyək ki, Qərb demokratiya və insan haqqları məsələrinə görə Azərbaycanla münasibətlərini korlamaq istəmir. Bundan sonra da ola bilər ki, onlar bu məsələləri Azərbaycan hökuməti qarşısında qaldırsınlar, amma bu məsələni onlar Azərbaycanla münasibətlərdə problem yaradan bir məsələ kimi görmək istəmirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun