Bazar haqqında bədii-fəlsəfi esse – Seymur Baycan

— Sən nə atılıb-düşürsən?
— O quşu tutmaq istəyirəm. Sonra onu qəfəsə salacağam, qabağına dən tökəcəyəm. Qoy, o mənim üçün nəğmə oxusun.
— Sən quşu tut, qəfəsə sal, qoy o da sənin üçün nəğmə oxusun. Mən də səni yoğun, dəmir çubuqlu qəfəsə salaram, deyərəm ki, oxu. Sən ora-bura qaçmağı xoşlayırsan, qəfəsdə daha qaça bilməyəcəksən. Hava soyuq olacaq, amma sən kölgədə qalacaqsan. Hava isti olacaq, sən günün altında bişəcəksən. Sonra biz bir bazar günü çıxıb gedəcəyik, yaddan çıxarıb sənə yem verməyəcəyik, cümə axşamından da tez qayıtmayacağıq. Qayıdanda görəcəyik ki, bizim sevimli uşağımız əl-ayağını uzadıb acından ölüb. Oğlum, nə insanın, nə heyvanın heç vaxt azadlığını əlindən alma. Azadlıq dünyanın ən böyük nemətidir. Qoy, hər kəs üşüyəndə, gündə qızına bilsin, istidə və kölgədə otura bilsin.

Şarl De Koster

“Ulenşpigel əfsanəsi” əsərindən

Kolxoz bazarına getməyi, bazarda gəzməyi çox sevirəm. Niyə? Bunu bilmirəm. Bir bəhanə tapıb həftədə iki dəfə, həftədə azı bir dəfə bazara gedirəm. Sıraların arasında gəzirəm. Meyvələrə, tərəvəzlərə, balıqlara, toyuqlara, müxtəlif şorabalara baxıram. Nəsə lazımdırsa, nəsə xoşuma gəldisə alıram. Bazara getməyi, bazarda gəzməyi sevməyimin səbəbləri heç özümə də aydın deyil. Bu barədə çox düşünsəm də heç bir məntiqli izahım yoxdur. Təkcə onu deyə bilərəm ki, bazarda bolluq görəndə ürəyim açılır. Həm də bazarda gəzmək, bazarın şeiriyyatı, səs-küyü, xaosu, satıcıların görünüşcə, xasiyyətcə müxtəlifliyi məndə yaradıcılıq həvəsi yaradır. Neçə-neçə yazımın mövzusu bazarda gəzərkən ağlıma gəlib. Bazarda gəzərkən yaddaşım qıcıqlanır. Yaddaşımın qıcıqlanması, müxtəlif zamanlarda baş vermiş hadisələri xatırlamağım isə mənim üçün çox vacib prosesdir.

Bəlkə də kolxoz bazarına qarşı bu məntiqsiz, izahsız sevgi məndə uşaqlıqdan yaranıb. Bəndəniz uşaq olan zamanlarda adamlar bazar günü bazara xüsusi təntənə ilə gedirdi. Adamlar bazar gününü, bazara getməyi səbirsizliklə gözləyirdilər. Həftənin ara günləri bazarda məzar sükutu hökm sürürdü. Ara günləri bazara ancaq yası düşən, ehsan verən, bu qəbildən nəsə vacib işi, bazara əlahiddə, əlimyandıda ehtiyacı olan adamlar gedirdi. O vaxtlar hər addımda mağaza, market, meyvə-tərəvəz köşkü yox idi və bu səbəbdən bazar günü, bazara getmək adamlar üçün böyük əhəmiyyət daşıyırdı. Vəziyyət o həddə çatmışdı ki, hətta bazar günü bazara getməyən adama bir az yazıq adam kimi baxırdılar. Hansı kişinin necə ailə, necə arvad saxlamağı, necə xəsis, necə səxavətli, necə zirək, necə təmbəl olması da bazarda bariz şəkildə görünürdü. Bazar hər adamın mahiyyətini açıb qoyurdu ortalığa. Bazara getmək, bazarlıq eləmək yol getmək kimi bir şey idi.

Bəzən şənbə günü nənəmgilə gedirdim. Özü də birinci günün dərslərinə şənbə günü məktəbdən qayıdan kimi hazırlaşırdım. Belə olduğu halda özümü daha rahat hiss edirdim , bazar günü mənə daha uzun görünürdü. Bunu dəfələrlə sınamışdım. Birinci günün dərslərinə hazırlaşmağı bazar gününün axşamına saxlayanda bazar günündən tam rahatlıqla həzz ala bilmirdim. Ən optimal, ən rahat variant birinci günün dərslərinə şənbə günü məktəbdən evə qayıdan kimi hazırlaşmaq idi.

Nənəmgilin evi rayon mərkəzinin girəcəyində yerləşirdi. Bəzi kəndlərdən gələn avtobuslar rayonun içinə tam girmirdilər, elə rayon mərkəzinin girəcəyində dayanırdılar. Ona görə yox ki, onları rayonun mərkəzinə buraxmırdılar. Yox, sadəcə bu avtobusların üslubu belə idi. Kənddən gəlib rayonun girəcəyində dayanırdılar, sonra alış-veriş edən adamları ordan da götürüb, təzədən kəndlərə qaytarırdılar. Rayonun içinə tam girməyən avtobuslar nanəmgilin evinin yaxınlığını özlərinə məskən seçmişdilər. Niyə məhz oranı? Əlbəttə, rayon mərkəzinə tam girməyən avtobuslar hardasa dayanmali idi, amma buna baxmayaraq yenə də “niyə məhz ora” sualı mənim üçün hələ də maraqlı sual olaraq qalmaqdadır. Səhər obaşdan kəndlilərin bazara satmağa gətirdikləri toyuqların, qazların, hinduşkaların səsi aləmi başına götürürdü. Arvadlar başlarında bağlamalar, əllərində toyuq-cücə, qaz, hinduşka, ördək üz tuturdular bazara tərəf.

İnanırsınız inanın, inanmırsınız da faciə deyil (güya nəyə inanırsınız ki…), avtobusdan düşürülən meyvə-tərəvəzlərin ətri səhər obaşdan bütün küçəyə yayılırdı. Orada, rayon mərkəzinə tam girməyən avtobusların dayandıqları yerdə, yəni nənəmgilin evinin yaxınlığında bazar günləri qəribə-qəribə hadisələr baş verirdi. Birdə görürdün ki, bazara satılmağa getmək istəməyən toyuqlar, qazlar, ördəklər fürsət tapıb aradan çıxmaqa, qaçıb hardasa gizlənməyə cəhdlər edirdilər. Bu zaman bir neçə adam bazarda satılmaq istəməyən, aradan çıxmağa, gizlənməyə çalışan toyuğun, qazın, ördəyin dalınca qaçırdı. Hinduşkalar isə bazara satılmağa sakitcə gedirdilər. Onlar öz aqibətlərini, talelərini, alın yazılarını rahatlıqla qəbul edirdilər. Hər halda bazarda satılmaq istəməyən, aradan çıxmağa, qaçıb hardasa gizlənməyə cəhdlər edən üsyankar hinduşka görməmişdim və hinduşkaların bu məzlumluğu adamı istər-istəməz kədərləndirirdi. İndi, bazara satılmağa sakitcə gedən, öz aqibətini, alın yazısını, taleyini rahatlıqla qəbul edən, qaçmağa, hardasa gizlənməyə cəhdlər etməyən hinduşkaları xatırlayanda, paralel olaraq Don Kixotun məhşur sözünü də xatırlamalı oluram: “Mən özümü taleyimə tapşırmışam, qoy taleyim məni hara istəyirsə aparsın”.

Bazarın yuxarısında “stolovı” vardı. Ora adamlar dəmir, ensiz pilləkənlə qalxırdılar. “Stolovı”dan bazarın dörd bir tərəfinə kabab tüstüsü yayılırdı. O “stolovı” mənə gəmini xatırladırdı. Adama elə gəlirdi ki, bu dəqiqə bu “stolovı” elə ətrafa kabab tüstüsü buraxa-buraxa üzüb harasa gedəcək.

O vaxtlar belə bir qayda mövcud idi: bazarda alış-veriş edəndən sonra kişilər “stolovı”da oturub kabab yeyirdilər, ən azı çay içirdilər. Böyüklərlə, böyüklərin hesabına o “stolovı”da bir neçə dəfə oturmuşdum. Amma həmişə o “stolovı”nı görəndə özümdən aslı olmadan arzularım pərvazlanırdı. Arzu edirdim ki, tez böyüyüm, işləyim, maaş alım, əsl kişi kimi gedib orda oturub ürəyim istəyən qədər kabab yeyim. Qismət olmadı. Qlobal hadisələr, dava-qırğın imkan vermədi. Belə hallarda nə edə bilərik? Heç nə. Əlimizdən təssüflənməkdən savayı heç nə gəlmir.

Bazarla bağlı yadıma düşən bir məqamı da yazım, sonra adlayaq öz zəmanəmizə. İki rayonun düz ortasında bir kənd yerləşirdi. Bu kəndin camaatı üçün hansı rayonun bazarına getmək xüsusi bir əhəmiyyət daşımırdı. Ona görə də iki rayonun düz ortasında yerləşən kəndin camaatı bazar günü çıxırdılar yol kənarına, hansı tərəfdən avtobus birinci gəlirdisə, o avtobusa da minib bazara gedirdilər. Təki getməyə bazar olsun. Sizə deyim ki, bu əməlləri, yəni bazar günü yol kənarına çıxıb birinci gələn avtobusa minməkləri, onların ictimai-siyasi şüurlarına, ictimai-siyasi məzmunlu məsələlərə baxışlarına da öz təsirini göstərmişdi. Məsələn, həmin kənddən çıxmış iki qardaş indi ölkədə çox məhşurdur. Maraqlısı odur ki, bu qardaşlardan biri müxalifət düşərgəsində, o biri isə iqtidar düşərgəsində özlərinə yer tapıblar. Loru dildə desək, sanki çıxıblar yol kənara və hər biri birinci gələn avtobusa minib, bazarlığa yollanıb…

***

Keçmişdən qayıtdıq öz zəmanəmizə. Bazardayam. İtlər üçün sümük alıram. Quyruq da aldım. Qəssaba dedim ki, quyruğu doğra, kücə itləri üçün alıram, acdırlar, hava da soyuqdur, sərhədlər bağlıdır, turistlər gələ bilmir, indi küçə itlərinə yaşamaq çətindir. Qəssab bu sözlərimi eşidəndə əlavə olaraq hardasa bir kilo quyruğu qoydu sümüklərin üstünə. “Bu da məndən itlərə hədiyyə olsun” dedi. Qəlbimin dərinliklərinə qədər mütəəssir oldum. Bu kimi hallar, bu kimi hərəkətlər mənim üçün çox qiymətlidir. Adamda yaşamağa həvəs, insanlara qarşı inam yaradır. İndi bu hərəkəti qəssab Allaha görə etdi, Həzrəti İsa xətrinə etdi, savab qazanmaq üçün etdi, ya nəyəsə görə etdi, bunu özü bilər. Bunun məsələyə dəxli yoxdur. Əsas odur ki, etdi. Qəssaba şəxsim və millətim adına təşəkkürümü bildirdim. Başqa cür də ola bilərdi. Məsələn, bir başqa qəssaba desəydim ki, sümükləri, quyruğu küçə itləri üçün alıram, qayıdıb adama ağıl verə bilərdi. Deyərdi ay qardaş, sənin işin-gücün yoxdur? Üzümə deməsəydi də, yəqin mənə xiyar kimi də baxardı.

Təbiətcə kölə olan adamlar azad adamın varlığına inana bilmədikləri kimi, heç nəyə inanmayan, hər şeydə təmənna güdən, təmənnasız olaraq bir çöpü burdan götürüb ora qoymayan adamlar da, başqasının təmənnasız bir iş görə biləcəyinə inana bilmirlər. Ağıllarına gəlmir həyatda belə bir şey ola bilər.

Seymur Baycan