Xarici jurnalistlər üçün viza müddətini qısaltmamağa çağırırlar

Xarici jurnalistlər üçün viza müddətini qısaltmamağa çağırırlar
26 Oktyabr 2020
Mətni dəyiş

ABŞ Daxili Təhlükəsizlik Departamentindən xahiş olunur ki, xarici jurnalistlərin Birləşmiş Ştatlar ərazisində işləməsi üçün gərəkən “I” vizalarının müddətini azaltmaq təklifindən əl çəksin

Dövlət media təşkilatlarının alyansı olan Avropa Yayın Birliyi (EBU) ABŞ hökumətinə 24 media qrupunun birgə müraciətini ünvanlayıb, xarici jurnalistlər üçün viza müddətinin qısaldılması təklifinə yenidən baxmağa çağırırlar.

ABŞ Daxili Təhlükəsizlik Departamentindən xahiş olunur ki, xarici jurnalistlərin Birləşmiş Ştatlar ərazisində işləməsi üçün gərəkən “I” vizalarının müddətini azaltmaq təklifindən əl çəksin. Maksimum beşillik viza müddətinin 240 günə salınması, daha sonra daha 240 günlüyə uzadılmasının mümkünlüyü müzakirə olunur.

Əsaslı risk

Belə bir addım “xarici medianın Birləşmiş Ştatlarda xəbərləri işıqlandırmasına ciddi təsir göstərəcək”, – oktyabrın 25-də ünvanlanmış bəyanatda deyilir.

Bəyanata yayın, çap, onlayn media orqanları, xəbər təşkilatları, jurnalist assosiasiyaları imza atıb. Siyahıda “Reuters”, “Associated Press”, “Agence France Presse”, CBS, Jurnalistlərin Beynəlxalq Federasiyası var.

Onların mövqeyincə, əksər xarici media orqanları müxbirlərini beş illiyə ABŞ-a göndərməklə bu ölkədə uzun müddətə işləyə bilir, jurnalistlərin ölkəni “daha yaxşı anlamasına”, onun barəsində daha ağıllı xəbər ötürməsinə nail olurlar.

“Bu müddəti maksimum 480 günə salmaq ABŞ-ın qlobal miqyasda təmsilçiliyinə əsaslı risk yaradır”, – EBU-nun bəyanatında deyilir.

“Bundan başqa, mümkün uzadılma haqda qərarın necə əldə olunacağı, uzadılma müddəti keçəndən sonra nə baş verəcəyi aydın deyil”, – bəyanatda vurğulanır.

1950-ci ildə təsis olunmuş EBU-da 56 ölkədən 115 üzv, daha 21 ölkədən 34 üzvlüyə namizəd təmsil olunur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun