MSK: Gürcüstan parlament seçkilərinə tam hazırdır

MSK: Gürcüstan parlament seçkilərinə tam hazırdır
30 Oktyabr 2020
Mətni dəyiş

Gürcüstanda sabahkı parlament seçkilərinin keçirilməsi üçün 3 657 seçki məntəqəsi tam hazırdır.

Bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tamar Jvania bildirib.

O deyib ki, xaricdə 38 ölkədə 52 seçki məntəqəsi fəaliyyət göstərəcək.

MSK sədrinin sözlərinə görə, seçicilər 48-i siyasi partiya , 2-si isə blok olmaqla 50 seçki subyekti arasında seçim etməli olacaqlar:

“Onlar həmçinin bu siyasi təşkilatlar və təşəbbüs qruplarının irəli sürdükləri majoritar namizədlərə də səs verməlidirlər”.

T.Jvanianın sözlərinə görə, stasionar müalicə, karantin və özünütəcriddə olan 10 845 seçicinin daşınan seçki qutuları vasitəsilə səsvermədə iştirakı təmin olunacaq.

Pandemiyaya baxmayaraq, seçki məntəqlərinə getməyin tam təhlükəsiz olduğunu qeyd edən MSK sədri bildirib ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün məntəqələrdə bütün qabaqlayıcı tədbirlər həyata keçiriləcək.

Qonşu ölkədə parlament seçkilərini yerli müşahidəçilərlə yanaşı 20 səfirlik və 23 beynəlxalq təşkilatın nümayəndələri də izləyəcək. Səsvermə prosesini 118 yerli və xarici KİV-in 5 971 nümayəndəsi işıqlandıracaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun