Geyləri qırıb qurtarmaq mümkündürmü? - Vasif İsmayıl

Geyləri qırıb qurtarmaq mümkündürmü? - Vasif İsmayıl
15 May 2020
Mətni dəyiş

Bir qrup siyasinin iclasından kiçik fraqmentə şahidlik etdim. Dalbadal bir neçə dəfə dinlədim. Sonra eləcə durub düşündüm. İki dəqiqəlik videoda onlarla insan haqları pozuntusu var idi, amma bir çağırış, daha doğrusu, bir dilək məni yalnız özümdən çıxarmadı, sanki öldürdü.

Deyirlər, heyif ki, Hitler zamanında geyləri qırıb qurtarmadı... Əcaba, geyləri qırıb qurtarmaq mümkündürmü?

Cəmiyyətdə belə fikir dolaşır ki, sanki "geyləri qırıb qurtarmaq" mümkün idi, Hitler "əmicələri" "prosto" vaxt edib bu işi qurtara bilmədi.

Çoxunuz deyil, əksəriyyətinizin cins anlayışının biologiyasından xəbəriniz yoxdur, amma yerini mədəniyyət tarixindən gələn stereotiplər, yəni yalanlarla doldurmusunuz.

Mən də sizin aranızda yetişən bir həkim kimi bunların həqiqi tərəflərini biuroloji əməliyyatlar edərək keçirirəm. İşim insanın cinsi həyatı olduğu üçün oxuyub bir şeylər öyrənə bildik.

Dostlar, sizin qısaca "geylik" dediyiniz şey, əslində çox müxtəlif cinsi davranışların bir hissəsidir. Sizin "normal", ingilislərin "straight" dediyi qrupda necə maraqlı cinsi davranışlar var, xəbərsizsiniz. Məsələn, qadın var ki, partnyorunun üstünə sidiyini ifraz etmədən orqazm ola bilmir. Belə imkanı olmayanda depressiyaya girir. Siz isə onları kənardan "bıııy, az, aaz, aaz, filankəsin lay divar kimi əri var, özü də alma kimi arvaddır, amma əri gedib kənarda əyrimçənin biri ilə gəzir, bu da mısmırığını yernən bir sallayııııııf, elə də gedir, belə də" tipli dedi-qoduların personajına çevirirsiniz.

Belə nümunələr çoxdur, cinsi davranış şəkilləri çoxdur, bu gün "norma, sapına qədər erkəkkk" dediyiniz çox adam müəyyən şərtlərdə həmcinsləri ilə münasibətdə olurlar, amma və təbii ki, sizin xəbəriniz olmur.

Bilirsiniz, mən vaxtımın çoxunu cərrahi əməliyyatlarda keçirirəm və ... çox şey görürəm. Tibbi dildə deyəcəm, çox maraqlansanız, dediklərimin sadə Azərbaycan dilində nə demək olduğunu bir yerlərdən soruşarsınız. Mən anal nahiyyəsində halqavari kondilomları olan bığıburma, mehriban babalar da görmüşəm, yaşlı kişilər də...

Bütün dünyada, bütün cəmiyyətlərdə həmcins münasibətlərinin görülmə sıxlığı ortalama 7%-dir. Siz dünyanın ən dəqiq metodları ilə bu insanları təsbit edib "qırsanız" demirəm, zira bu məfhumu dilimə belə almaq istəmərəm, sadəcə təcrid etsəniz, yeni nəsildə həmcins münasibətlər quran insanlar doğulacaqmı? Bəli!

Yeni qurduğunuz cəmiyyətdə həmcins münasibət quran insanların ortalaması nə qədər olacaq?

Yeddi faiz.

Bu dünyada cinsi əlaqə varsa, bu dünyada uşaq doğulacaqsa, həmişə, həmişə həmcins cinsi əlaqə quran insanlar da olacaq.

Bu, insanın təbiətidir.

"Geyləri qıraq" demək isə ən yumşaq ifadə ilə alçaqlıqdır.

Vasif İsmayıl

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun