Milli Şura parlament seçkilərini boykot etməyi qərara alıb

Milli Şura parlament seçkilərini boykot etməyi qərara alıb
11 Dekabr 2019
Mətni dəyiş

Azərbaycan Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərini boykot etmək barədə qərar qəbul edib. Bu barədə qurum bəyanat yayıb. 

DQMŞ-nin bəyanatında bildirilir ki, bu qurumun bundan əvvəl seçkiyə qatılmaqla bağlı hökumətə etdiyi təklif və seçki komissiyalarında müxalifətin təmsil olunmasını, namizədlərin qeydiyyatı üçün süni əngəllərin aradan qaldırılmasını, təşviqat üçün bərabər imkanların yaradılmasını və s. nəzərdə tutan seçki islahatı qəbul edilməyib.

"Ədalətli seçkilər üçün hətta minimum şərtlərə əməl olunmadan keçirilən seçkilər xalqın iradəsini əks etdirməyəcək, buna görə də DQMŞ onları boykot edəcək və belə seçkiləri legitim hesab etmir", - deyə Milli Şuranın açıqlamasında deyilir.

Öz növbəsində AXCP sədrinin müavini Seymur Həzi deyib ki, demokratik seçkilər üçün minimum şəraitin olmadığına görə DQMŞ "şou"da iştirak etməyəcək.

"İştirak etmək istəyənlərə uğurlar diləyirik. Bu məsələdə müxalif qüvvələr arasında hər hansı qarşıdurmanı qəbuledilməz hesab edirik”, - o vurğulayıb.

Parlament hakim Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə buraxılıb. Növbədənkənar seçkilər fevralın 9-na təyin edilib.

Müsavat, REAL, Ümid partiyaları seçkilərdə iştirak etmək barədə qərar qəbul ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun