Müxalifətin birgə müzakirələri yeni siyasi proseslərə təkan verə bilərmi? [analitika]

Müxalifətin birgə müzakirələri yeni siyasi proseslərə təkan verə bilərmi? [analitika]
9 Noyabr 2019
Mətni dəyiş

Noyabr ayının 5-də Müsavat Partiyasının qərargahında bir qrup müxalifət partiyaları rəhbərlərinin, ictimai-siyasi xadimlərin və vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə qapalı toplantı keçirilib. Bu məsələ ilə bağlı Astna.biz saytının analitik yazısını təqdim edirik. 

Toplantıya qatılan şəxslər ölkədəki ictimai-siyasi vəziyyət və çıxış yolları ilə bağlı müzakirə aparıblar. Müzakirələr qapalı keçirilsə də, toplantının ümumi nəticələri barədə ortaq bəyanat yayılıb. Bəyanatdan aydın olur ki, Azərbaycanda hüquqi dövlət, demokratik cəmiyyət quruculuğu, Qarabağın işğaldan azad edilməsi və avtoritar rejimlə mübarizədə funksional əməkdaşlıq istiqamətində razılıq əldə olunub.

Toplantının formatı cəmiyyətin bütün ictimai-siyasi spektrini əhatə edirmi?

Anti-demokratik rejimlərin mövcud olduğu ölkələrdə sosial-siyasi münasibətlər sistemi hüquqa və qanunlara əsaslanmadığına görə ictimai-siyasi spektrin çərçivəsində də qeyri müəyyənlik yaranır. Ölkəmizdə də hakimiyyətin korporativ maraqlarına söykənən zorakı idarəçilik aparatı bu istqamətdə ciddi “uğur” qazanıb. Bu amillərə görə ölkədə sosial-siyasi münasibətlər sistemi kövrək, ictimai-siyasi spektr isə pərakəndə və qeyri-müəyyəndir.

Azad mediadan, siyasi pülüralizmdən, demokratik seçkidən məhrum edilən cəmiyyətdə çoxpartıyalı siyasi sistem ənənəsi yaratmaq çox çətindir. Bu neqativ amillərə görə ölkəmizdə klassik mənada iqtidar-müxalifət təsnifatı aparmaq mümkün deyil. Ölkə iqtidarını və müxalifətini seçicilərin müəyyən etməsinə faktiki olaraq imkan yoxdur.  Ona görə də ölkədə müxalifət adına iddia edən çoxsaylı ictimai-siyasi təşkilatlar və fərdlər var. Lakin narazı insanları səfərbər, etirazları isə təşkil edə bilən gerçək müxalifət funksiyası daşıyan bir neçə qurum göstərmək olar. Eyni zamanda bu kimi oxşar problemlər müstəqil vətəndaş cəmiyyətinə də aiddir.

İctimai-siyasi rəyin istiqamətləndirilməsində, cəmiyyətin siyasi şüurunun formalaşdırılmasında və əhalinin təşkilatlandırılmasında rolu olan məhdud sayda qurum və fərdlər var. Bu fərdlərin və qurumların funksional əməkdaşlığı, taktiki işbirliyi daha çox özləri üçün faydalı ola bilər. Habelə, cəmiyyətə də müsbət təsirləri istisna deyil. Toplantıya dəvət olunan format gerçək müxalifəti və müstəqil vətəndaş cəmiyyətini kiçik istisnalarla əhatə edirdi.

Bu toplantı iqtidarın və beynəlxalq qurumların diqqətini çəkə bilərmi?

Ölkədə mürəkkəb və ziddiyyətli durum davam edir. Sosial, siyasi və hüquqi problemlərdən təngə gələn əhalinin narazılığı və etirazları artmaqdadır. İqtidar köklü iqtisadi-siyasi islahatlar aparmaq əvəzinə cəmiyyətin psixoloji basqısına qarşı daha da zorakı xarakter göstərməyə meyllənib. Hakim komanda daxilində bəzi dəyişikliklər edilsə də, mahiyyətin hələ dəyişmədiyi diqqət çəkir.

Xüsusilə də Konstitusiyanın 49-cu maddəsinə uyğun olaraq Milli Şuranın 19 oktyabr 2019-cu ildə keçirməyə cəhd etdiyi aksiyaya münasibətdə iqtidarın aqressiv yanaşması özünü daha qabarıq göstərdi. Hakimiyyətin dinc etiraz edən aksiyaçılara qarşı hüquqa zidd və olduqca sərt müdaxiləsi yerli və beynəlxalq ictimaiyyətin sərt qınağına səbəb oldu. İqtidarın hüquqa zidd davranışlarına qarşı cəmiyyətin ictimai-siyasi kəsiminin ilkin dağınıq reaksiyasından sonra təşkil edilən bu “Dəyirmi Masa”nı müsbət addım saymaq olar.

Hakimiyyətin basqıçı siyasəti nəticəsində artıq ölkəmiz bütün dünyada qeyri-azad ölkə kimi xarakterizə olunur. Cəmiyyətdə olduğu kimi beynəlxalq arenada da hakimiyyətin mənəvi legitimliyi sarsılıb. Kənardan daha çox zorakı, insan hüquq və azadlıqlarını tapdalayan, azad medianı boğan, ifadə azadlığına dözümsüz yanaşan neqativ bir imici formalaşıb. Hökumət vətəndaşların sərbəst toplaşmaq hüququnu  faktiki olaraq qadağan edib. Sanki ölkədə elan edilməmiş fövqəladə vəziyyət rejimi var.

Belə bir şəraitdə müxalifətin və vətəndaş cəmiyyəti təmsilçilərinin istənilən birgə müzakirələri diqqəti cəlb edə bilər. Ölkədə köklü islahatlara və cəmiyyətin demokratikləşməsinə beynəlxalq dəstəyin ifadə olunmasına təkan verə bilər. Həmçinin, iqtidarın da öz siyasətinə müsbət dəyişikliklər etməsi, müxalifətlə gerçək dialoq aparması üçün yeni fürsət aça bilər.

Belə müzakirələr cəmiyyətin dəstəyini qazana bilərmi?

Ölkədə köklü dəyişikliklərin yetişdiyini və qaçılmaz olmasını artıq mütləq əksəriyyət qəbul edir.

Cəmiyyətdə gərginlik, qəzəb, nifrət getdikcə artır. Hakimiyyətin köklü islahatlara doğru vaxtında addım atmaması ilk baxışda indi ona təhlükə törətməsə də, gələcəkdə çox ciddi əngəl yaradacağı istisna deyil.

Müxalifətin istənilən yeni birliyinə və ya funksional əməkdaşlığına cəmiyyətin siyasi yetkin təbəqəsindən aktiv dəstək gəlməsi hələlik real deyil. Eyni zamanda sadə və passiv əhalinin də  kütləvi fəallığına təkan verəcəyini gözləməyə dəyməz.  Cəmiyyət müxalifətin birliyinin etibarlı, dayanıqlı və ardıcıl olacağına inanmır. Müxalifətin çoxsaylı birliklərinin neqativ aqibəti cəmiyyəti müxalif birliklərə münasibətdə ehtiyatlı davranışa sövq edib. “Birliklər” çox hallarda müxalifəti gücləndirmək əvəzinə daha da zəflədib. Uzun müddət avtoritar rejimin təsirində qalan cəmiyyətlər əsasən məsuliyyəti öz üzərinə götürmək potensialı olan vahid lider və təşkilat ətrafında birləşməyə meylli olur. Bu psixoloji amilin əksəriyyət tərəfindən dərk edilməsi və qəbul olunması mərhələsi sürətlə yetişir.

Cəmiyyətin uğurlu format ətrafında birləşməsi proseslərin sosial-siyasi qanunauyğunluğundan asılı olacaq. Bu mərhələdə sosial şəbəkələrin yaratdığı böyük imkanlar daha da səmərəli istifadə olunmalıdır. Vətəndaşların virtual müzakirələrə cəlb edilməsi, aktivləşməsi və daha yaxşı təşkilatlanması naminə təbliğat işi intensiv aparılmalıdır. Hələ ki xalqın narazı kəsiminin siyasi proseslərə tam dəstək vermədiyi diqqət çəkir.

Ölkədə artmaqda olan gərginliyin iqtidarı tədricən yeni siyasi proseslərə sürükləyəcəyi istisna deyil. Hakimiyyət nəzərə almalıdır ki, ölkədə narazılığın və gərginliyin artması, habelə etirazlara meylin güclənməsi müşahidə edilməkdədir. Bunu idarəolunan dinc müstəviyə yönəltmək hökumətin üzərindəki əsas məsuliyyətdir. İqtidar zorakı davranışlardan çəkinərək gerçək müxalifətlə və vətəndaş cəmiyyəti təmsilçiləri ilə dialoq aparmaq şansını yenidən nəzərdən keçirməlidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun