İ.Əliyev: 'Xarici dairələr Azərbaycana kömək etmək istədiklərini yalandan deyirlər'

İ.Əliyev: 'Xarici dairələr Azərbaycana kömək etmək istədiklərini yalandan deyirlər'
27 Noyabr 2019
Mətni dəyiş

"Bəzi ölkələr və xarici dairələr Azərbaycanı 90-cı illərin əvvəllərində etdikləri kimi idarə etmək istəyirlər, ancaq indi bu, mümkün deyil".

Bu sözləri prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə bildirib.

“Bu gün bəzən xarici dairələrdən eşidirik ki, guya Azərbaycana kömək etmək istəyirik, Azərbaycanı inkişaf etmiş ölkə kimi görmək istəyirik. Bütün bunlar yalandır. Bunu, tam səmimi deyirəm”, - o deyə İlham Əliyev bildirib.

Onun sözlərinə görə, bəzi nüfuzlu dövlətlər uzun müddət Azərbaycanın BMT Təhlükəsizlik Şurasında seçilməsinin qarşısını almağa çalışırdılar, Bakının öz namizədliyini geri götürməsini tələb edirdilər.

Prezident çıxışında yenidən Xalq Cəbhəsi hökumətini milli sərvətlərin talanmasında ittiham edib.

O, bildirib ki, o vaxt xəzinə boş olanda, biz kreditlər üçün müraciət edəndə heç kim bizə kredit vermirdi.

"Yaxşı, əgər siz Azərbaycanı bu qədər sevirsinizsə, nə üçün o vaxt bizə kömək etməmisiniz?! Ona görə kimsə deyəndə ki, biz Azərbaycanın yaxşılığını istəyirik, inanmayın, gənclər də inanmasınlar", - deyə prezident qeyd edib.

Xarici ölkələrin ünvanına tənqidlərini davam etdirən dövlət başçısı Qərb ölkələrinə yönəlib:

"Demokratiya beşikləri müsəlman miqrantları qəfəsdə saxlayırlar, “Stop İslam” deyirlər.  Deyirlər ki, biz miqrantları qəbul edə bilərik. Mən Avropa ölkələrini nəzərdə tuturam, ancaq müsəlman miqrantları yox".

İlham Əliyev Azərbaycanda hüquq və demokratiyanın pozulması barədə Qərbin tənqidlərini inkar edib:

“Nə qədər çalışsalar, nə qədər əlləşsələr, nə qədər yalan-böhtan yaysalar yapışmır bizə. Çünki xalq bizi dəstəkləyir və sonuncu rəy sorğuları onu göstərir. Əhalinin mütləq əksəriyyəti bizim siyasətimizi dəstəkləyir. Əhalinin mütləq əksəriyyəti bizə alternativ görmür və kim ola bilər bu alternativ?”, - İ.Əliyev bildirib.

Sonra o, bəzi “operativ məlumatları” bölüşməyi qərara alıb və deyib ki, xarici dairələr açıq şəkildə deyirlər ki, Azərbaycanda ənənəvi müxalifət yoxdur, ayrı-ayrı satqın dəstələr var. Ona görə onlara pul təminatı da azalıb.

Hazırda xarici dairələr gəncləri hədəf seçiblər və onları yoldan çıxarmaq istəyirlər, onların beyinlərini zəhərləmək istəyirlər, onları xalqa qarşı qaldırmaq istəyirlər. Odur ki, İ.Əliyev pedaqoqları gəncləri düzgün öyrətməyə çağırıb.

O, yenidən Qərbi 2003 və 2005-ci illərdə rəngli inqilabların təşkili planlarına görə ittiham edib.

“Azərbaycan artıq o inqilabların sırasında növbəti yer kimi göstərilirdi. Belə maykalar buraxılmışdı, üzərində yazılmışdı: “Gürcüstan, Ukrayna, Qırğızıstan, Azərbaycan”. Yəni, dördüncü biz olmalı idik və bizdən sonra da başqaları olmalı idi. İndi bütün dünya görür ki, bu inqilablar o ölkələrə ancaq bədbəxtlik gətirib”, - İ.Əliyev deyib.

O, Ermənistanla “qucaqlaşan” müsəlman ölkələrini də tənqid edib. “Görmürsünüzmü ki, bunlar bizim məscidlərimizi yerlə bir etdilər? Bu, axı təkcə bizim məscidlərimiz deyil, bütün müsəlman aləminin məscidləridir. Buna necə göz yummaq olar? Necə belə riyakarlıq etmək olar?”, - prezident qeyd edib.

Sonda o yenə də Qərbi tənqid edib və “ənənəvi dəyərlər”in qorunmasına çağırıb.

“Baxın, bəzi ölkələrdə nələr baş verir. Adam dəhşətə gəlir. Sonra da bizə deyirlər ki, gəlin, bizə inteqrasiya edin. Haraya inteqrasiya etməliyik, “Stop İslam!” deyənlərə? Haraya inteqrasiya etməliyik, qadınla kişi arasında fərq görməyənə? Biz qətiyyən oraya inteqrasiya etməyəcəyik”, - İ.Əliyev vurğulayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun