Dünya Bankı Azərbaycanda yoxsulluq səviyyəsinin 5 dəfə çox olduğunu bildirir

Dünya Bankı Azərbaycanda yoxsulluq səviyyəsinin 5 dəfə çox olduğunu bildirir
14 Avqust 2019
Mətni dəyiş

Dünya Bankı 2019-cu ildə Cənubi Qafqaz ölkələri üçün yaydığı hesabatda bir neçə iqtisadi kateqoriya üzrə məlumatlar yer alıb. Sənəddə göstərilir ki, Azərbaycanda ölkə üzrə yoxsulluq səviyyəsi 24 faizdir. 

Azərbaycan Dövlət Statistika Komitəsinin rəsmi rəqəmləri isə son illər demək olar dəyişməyib. DSK-nın məlumatına görə, ölkədə yoxsulluq əhalinin 5 faizini təşkil edir.

Ekspertlər tez-tez Azərbaycanda rəsmi statistikanın həqiqəti əks etdirmədiyini iddia edirlər.

Onların sözlərinə görə, rəsmi statistik göstəricilərlə nüfuzlu və bütün dünyada etibar edilən beynəlxalq qurumların hesabatları arasında ziddiyyətlər mövcud olur.

Dünya Bankı 24 faiz, Azərbaycan hökuməti 5 faiz deyir

Məsələn, Dünya Bankının ölkəmizdə yoxsulluğun səviyyəsilə bağlı yayımladığı hesabatlarda göstərilən rəqəmlər Azərbaycan hökumətinin rəsmi statistik göstəricilərindən dəfələrlə fərqlənir.

Bankın açıqladığı “South Caucasus in Motion” hesabatında ölkə üzrə və konkret bölgələrlə bağlı yoxsulluq səviyyəsi göstərilir. Sənəddə ölkə üzrə ümumi yoxsulluq dərəcəsi 24 faiz, böyük şəhərlərdən Bakıda 16 faiz, Gəncə-Qazax iqtisadi rayonunda isə 33 faiz göstərilib.

İqtisadçı Rövşən Ağayev də mövzu ilə bağlı öz fikirlərini açıqlayıb. Onun sözlərinə görə, Dünya Bankı ilə hökumətin hesabatları arasındakı fərqə diqqət yetirmək lazımdır:

Bölgələrdə yoxsulluq 20-30 faiz olduğu deyilir

"Bir tərəfdə hökumətin uzun illərdir elan etdiyi və rəsmi statistik hesabatlarda dəyişmədiyi 5% yoxsulluq göstəricisi var. Bu sənəddə isə daha yüksək göstəricidən söhbət gedir…"

Ekspertin sözlərinə görə, bankın ekspertlərinin 2015-ci ilin yekunlarına görə təqdim etdiyi rəqəmlər belədir: Ən aşağı yoxsulluq səviyyəsi Bakıda – 16%, ən yüksək Gəncə-Qazax iqtisadi rayonunda 33%.

[caption id="attachment_75203" align="aligncenter" width="1050"] Rövşən Ağayev[/caption]

"Digər regionlar üzrə 20-30% intervalında dəyişir. Hesabata görə, ölkə əhalisinin əhəmiyyətli hissəsi Bakı, Gəncə-Qazax və Aran iqtisadi rayonlarında yaşadığı üçün bütün yoxsulların da 60%-i bu 3 ərazinin payına düşür".

Əhalinin 57 faizi yoxsulluq riski ilə üz-üzədir

Rövşən Ağayev hesabata istinadən bildirir ki, başqa maraqlı bir fakt da ölkə əhalisinin 57%-i yüksək səviyyədə yoxsulluq riskilə üzləşə biləcək “həssas qrup”a daxil olub.

"Sənəddə bankın "həssas qrup" anlayışı belə izah edilib: gündəlik qazancı 2015-ci ilin alıcılıq qabiliyyəti pariteti ilə 5 USD-dən çox, 10 USD-dən az gəlir səviyyəsinə malik əhali".

Əlavə edək ki, rəsmi statistikaya görə, artıq 2013-cü ildən başlayaraq, hesabatda göstərilən 2015-ci il də daxil olmaqla, Azərbaycanda yoxsulluq səviyyəsi 5% göstərilir və bu rəqəm demək olar ki, dəyişmir.

Yoxsulluq 10 dəfə azalıb?

2003-cü ildə bu göstərici rəsmi statistikaya görə, 44.7% təşkil edib. Bu, o deməkdir ki, yoxsulluq səviyyəsi bu illərdə 10 dəfəyədək azalıb.

Lakin müstəqil ekspertlər hesab edirlər ki, Azərbaycanda rəsmən elan olunan yoxsulluq səviyyəsi reallığa uyğun deyil və istinad edilən yoxsulluq həddi indikatorları köhnədir, yoxsulluğun səviyyəsini müəyyən edən göstəricilər aşağı həddə götürülür.

Rəsmi rəqəmlərə istinad edərək müqayisə etsək, görərik ki, Azərbaycanda yoxsulluq səviyyəsi inkişaf etmiş aparıcı dünya ölkələrindən aşağıdır.

Azərbaycan inkişaf etmiş ölkələrdən daha çox uğur qazanıb?

Amma necə olursa, ölkəmiz adambaşına düşən milli gəlir, minimum və orta əmək haqqı, həyat səviyyəsi kimi göstəricilərdə inkişaf etmiş ölkələrdən çox geridə qalır.

Məsələn, Azərbaycanda rəsmi yoxsulluq səviyyəsi 5 faiz olduğu halda, Almaniyada 16 faiz, rifah səviyyəsi ən yüksək ölkələrdən olan İsveçdə 13 faiz, Avstriyada 12 faiz, ABŞ-da isə 13 faizdir.

Yəni belə çıxır ki, bizdə yoxsulluq səviyyəsi bu ölkələrdən aşağıdır. Buna isə müstəqil ekspertlər inanmır. Üstəlik, son 2 devalivasiyadan sonra Azərbaycanda xarici ölkələrə gedənlərin sayında da artım var. Gedən vətəndaşlar ölkədə yaşamağın daha da çətinləşdiyini bildirirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun