'İngilislər neft çıxarmağa gələndə Azərbaycan təhlükəli olmur, amma futbol keçiriləndə təhlükəli olur?!'

'İngilislər neft çıxarmağa gələndə Azərbaycan təhlükəli olmur, amma futbol keçiriləndə təhlükəli olur?!'
17 May 2019
Mətni dəyiş

“Böyük Britaniyanın şirkətləri on illərdir ki, Azərbaycanda işləyirlər. Nədənsə o zaman yadlarına düşmürdü ki, Azərbaycan təhlükəli ölkədir”.

Bu sözləri deputat Siyavuş Novruzov parlamentin bu gün keçirilən növbəti iclasında deyib.

Deputat bildirib ki, Azərbaycanda neft çıxaranda ölkə təhlükəli deyildi, amma “Arsenal”ın iki oyunçusu gələndə Azərbaycan təhlükəli zona olur:

"Nəyə görə Azərbaycan ən təhlükəsiz ölkə olduğu halda onun haqqında belə bir fikir yayırlar? Sonra deyirlər ki, Azərbaycanın hava məkanında problemlər var. Əfqanıstana buradan yük daşıyanda təhlükə yox idi. Amerikaya antiterror əməliyyatı üçün hava bazası verəndə təhlükə yox idi.  İndi nə oldu, iki futbol komandası oyunu keçirəndə hava tutulur, hava açılır?".

Birinci vitse-spiker Ziyafət Əsgərov da həmkarının fikirlərini dəstəkləyib. O bildirib ki, bütün bunlar dünyada beynəlxalq hüququn işləmədiyinə görə baş verir:

"Bir gün əvvəl Britaniya XİN xəbərdarlıqla bağlı məlumat yayır. Səhəri gün səfir isə deyir ki, heç bir problem yoxdur, Azərbaycana gələ bilərsiniz. Bu dünyada olan ikili, üçlü, dördlü standartlardır. İstəmirlər ki,  bir müsəlman ölkəsi inkişaf etsin. Bu cür yanaşmalar əvvəllər də olub və davam edəcək".

Deputat Tahir Kərimli isə xalqdan gileylənib. O bildirib ki, müxalifət xalqı yoldan çıxarır, deputatları gözdən salır.

"Bizə deyirlər ki, xalqı çaşdırırsınız. “Biz xalqa “can” desək, onlar bizə “azar” deyəcək. Amma xalqımız bilməlidir ki, onları yoldan çıxaran müxalifət bizi gözdən salır".

Deputat bildirib ki, Azərbaycana torpaqlarını geri qaytarmağa kim imkan vermir açıqlasın.

"Dodaq bir qurtum suya həsrət olan kimi, biz də Qarabağımızı istəyirik. 1992-ci ildə Şuşa işğal ediləndə çoxumuz az qala intihar eşqinə düşmüşdük. Paşinyan siyasi əxlaqsızlığın ən böyük nümunəsini göstərir. O, Qarabağdan bizə acıq verir. Kim bizim torpağımızı almağa qoymur? Açıqlansın, bilək... Rusiyadırmı, Fransadırmı, bilməliyik. Biz torpaqlarımızı işğaldan azad etməliyik. Nə vaxta qədər gözləməliyik?!"

Deputat Fazil Mustafa isə maşınların park edilməsindən gələn pulun dövlət büdcəsində getməməsindən danışıb. O bildirib ki, Azərbaycanda parklanma normal meyarlar əsasında aparılmır.

"Azərbaycanda parklanmadan toplanan vəsaitlərin böyük əksəriyyəti dövlət büdcəsinə daxil olmur. Bu sahədə özbaşınalıqlar var".

Onun sözlərinə görə, Azərbaycanda hava limanında və avtovağzalda giriş üçün ödəniş edilir.

"Avropada belə şey yoxdur. İnsanlar 20-30 dəqiqə içəri daxil olub çıxırsa ondan ödəniş alınmır. Bizdə 10 dəqiqəliyə də daxil olanda ödəniş edilir. Bu hansı meyara uyğun gəlir? Hava limanına metro yoxdur, vətəndaş bura taksi ilə gəlir. Heç olmasa bu istiqamətdə vətəndaşın problemini həll etmək lazımdır. Əgər 24 saatdan artıq qalarsa tənbeh tətbiq etmək olar", - deyə F.Mustafa bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun