Bəşir Süleymanlı sərhəddə saxlanıldığını deyir

Bəşir Süleymanlı sərhəddə saxlanıldığını deyir
25 Fevral 2019
Mətni dəyiş

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri, Azərbaycanda vətəndaş cəmiyyəti institutunun təmsilçilərindən biri Bəşir Süleymanlı fevralın 23-də Gürcüstana gedərkən sərhəddə saxlanılıb.

Bu haqda B.Süleymanlı özü məlumat yayıb. Onun sözlərinə görə, fevralın 23-də qohumumun dəfn mərasimində iştiak etmək üçün Gürcüstana gedirmiş, "Sadıxlı" sərhəd keçid məntəqəsində pasportu sistemə vurulan kimi heç bir səbəb göstərilmədən saxlanılıb.

"Heç bir izahat verilmədən rəisin otağına apardılar. Üzərimdə axtarış apardılar, pul qabıma baxış keçirdilər. Gürcüsta niyə getdiyimi, çantamı soruşdular. Mən isə dəfnə getdiyimi, heç bir əşyamın olmadığını bildirdim. Dəfələrlə kiməsə məruzə etdilər. Sonra üzərimdə olan 92 manat pula görə gömrük bəyannaməsi yazdırdılar. 1 saata yaxın orda ləngidəndən sonra azad olundum. Nəticədə dəfnə çata bilmədim".

Bəşir Süleymanlı bildirir ki, 4-5 saat sonra geri qayıdarkən "Sınıq Körpü" sərhəd keçid məntəqəsində yenidən saxlanılıb.

"Yenə kiməsə məruzə etdilər. Axtarış aparmadılar, 60 manata qədər pula görə yenə gömrük bəyannaməsi yazıdırıb buraxdılar".

Təşkilat rəhbərinin sözlərinə görə, 2015-ci ilin yayından, ölkədən çıxışına qadağa götürüldükdən sonra belə halla rastlaşmayıb. Dəfələrlə sərhədi keçib qayıtsa da xüsusi yoxlamaya məruz qalmayıb.

"Bu yeni tətbiq edilib. Bunu özümə qarşı təzyiq və siyasi ayrıseçkilik kimi qiymətləndirirəm. Bu, həmçinin vətəndaş cəmiyyətinə təzyiqin yeni dalğasıdır" - deyə Bəşir Süleymanlı bildirib.

Xatırlatma

Keçmiş siyasi məhbus və Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) keçmiş icraçı direktoru olmuş Bəşir Süleymanlı 2014-cü ildə iqtisadi cinayətlər ittihamı ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

O, ittihamları qəbul etməyib. Sonradan vaxtından əvvəl azad olunub. Onun ölkədən çıxışına qadağa 2015-ci ilin yayında götürülüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun