Cəmil Həsənli: “Polis rəisi öz səlahiyyət həddini aşır”

Cəmil Həsənli: “Polis rəisi öz səlahiyyət həddini aşır”
22 Yanvar 2019
Mətni dəyiş

"Milli Şuranın yanvarın 19-da keçirilmiş mitinqində iğtişaşlara cəhd olması və polisin bunun qarşısını alması ilə bağlı Bakı Şəhər Polis İdarəsi rəisinin dedikləri əsassızdır, bəhanədir", - Milli Şuranın sədri Cəmil Həsənli Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidovun yerli mediaya açıqlamasına cavab olaraq bildirib.

Milli Şura xatırladır ki, hətta mitinqdən sonra məhz Bakı Şəhər Baş Polis İdarəsinin mitinqlə bağlı yaydığı açıqlamada da deyilirdi ki, mitinqdə qanunazidd hər hansı hərəkətə yol verilməyib.

C.Həsənli deyib ki, aksiya dinc şəraitdə, hər hansı qarşıdurma olmadan keçib və heç bir iğtişaşa, qanunazidd hərəkətlərə yol verilməyib.

"Amma hökumətin gözləntisinin əksinə olaraq mitinqin izdihamlı keçməsi onları qorxuya salıb və bu tip açıqlamalar da həmin qorxunun nəticəsidir", - Milli Şura sədri vurğulayıb.

C.Həsənli Baki Şəhər Baş Polis İdarəsi rəisinin növbəti mitinqə icazə verilməməsi barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcəyinə də münasibət bildirib: "Bu, birincisi, polis rəisinin öz səlahiyyət həddini aşmasıdır. Polis siyasi proseslərə, siyasi aksiyaların keçirilməsinə mane ola bilməz. İkincisi, əgər Milli Şuranın növbəti mitinqinə icazə verilməyəcəksə, bu, artıq dinc aksiyaların bitməsi dövrü kimi, hakimiyyətin dinc aksiyalara icazə verməməsi kimi dəyərləndiriləcək".

O deyib ki, Milli Şura növbəti mitinqi yanvarın 26-da keçirməyi nəzərdə tutur və bununla bağlı artıq Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib.

Qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəisi Mirqafar Seyidov hər hansı toplantı keçirməyə icazə verilməməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında vəsatət qaldıracağını deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun