"Azərbaycanın hər yerində Rəsulzadənin heykəlləri ucaldılmalıdır"

"Azərbaycanın hər yerində Rəsulzadənin heykəlləri ucaldılmalıdır"
31 Yanvar 2019
Mətni dəyiş
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 135 illiyi ilə əlaqədar tədbir keçirib.
Tədbirdə çıxış edən Sabir Rüstəmxanlı bildirib ki, Məhəmməd Əmin Rəsulzadə haqqında bilmək hər kəsin haqqıdır:  “Məhəmməd Əmin Rəsulzadə Azərbaycan tarixinin son min ildə yetişdirdiyi ən dahi şəxsiyyətdir. Müsavat partiyasının yaranması birbaşa onun adı ilə bağlıdır. Onun fəaliyyəti burada narahatlıq yaradanda İrana gedib, orada Səttərxan hərəkatına qoşulub. İranda müasir mətbuatın əsasını qoyub. İran haqqında saysız-hesabsız yazılar yazıb və çap etdirib.
Rəsulzadə sonra Türkiyəyə gedib. Orada da yeni mətbuatın əsasını qoyanlardan olub. Sonra Rəsulzadə Bakıya gəlib, bir sıra qəzetlər açıb. Nəhayət Zaqafqaziya Seymi dağıldıqda Azərbaycan Cümhuriyyətinin əsasını qoydu. Osmanlı paşalarının dəstəyi ilə Azərbaycan ordusunun əsası qoyuldu. O, heç vaxt vəzifə arxasınca getmədi, ancaq dövlətin lideri olaraq qaldı”. Sabir Rüstəmxanlı qeyd edib ki, Məhəmməd Əmin Rəsulzadənin zamanında Qarabağ verilməmişdi: “Onun zamanında Azərbaycanın sərhəddi Göyçə gölünün içərisindən keçirdi. Biz belə bir şəxsiyyəti unutmamalıyıq. İndiki Azərbaycan Cümhuriyyətin mirasıdır. Azərbaycanın bütün milli atributları onun zamanında yaradıldı. Ona görə də, bu gün o dövləti əziz tuturuqsa, Azərbaycanın hər yerində Məhəmməd Əmin Rəsulzadənin heykəlləri ucaldılmalıdır. O dövləti quranların hər birinin xatirəsinə heykəllər qoyulmalıdır”. VHP sədri vurğulayıb ki, bu gün 135 illiyini qeyd etdiyimiz Məhəmməd Əmin Rəsulzadə 135 əsr sonra da xalqımızın ürəyində yaşayacaq. Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli çıxışında qeyd edib ki, Məhəmməd Əmin Rəsulzadə bayraqla bizi birləşdirir: “Bayrağımızda dəyərlər var. Ancaq bayrağımızdakı ilk rəng, mavi rəngin dəyərlərini daşıyan insanlar sıxışdırılır. Millətçi dəyərləri daşıyan şəxslər, türk adı, türk dili təqib olunur. Ancaq hər kəs bilməlidir ki, o bayraq bütün dəyərləri özündə əks etdirir və bizi birləşdirir”. ADP sədri Sərdar Cəlaloğlu çıxışında Məhəmməd Əmin Rəsulzadənin yetişdiyi dönəmə baxılmalı olduğunu vurğulayıb. O, bildirib ki, Rəsulzadə Səttərxan hərəkatında yetişib: “Məhəmməd Əmin Rəsulzadəni biz siyasətçidən daha çox, milli ideoloq kimi dəyərləndirməliyik. Rəsulzadənin böyüklüyünü kim qəbul edirsə, onun ideyalarını daşımalıdır. Rəsulzadə həm Stalinlə əməkdaşlıqdan, həm də Hitlerlə əməkdaşlıqdan imtina edib. Biz fəxr etməliyik ki, bizim belə tarixi şəxsiyyətimiz var”. Toplantıda VİP sədri Əli Əliyev, prof. Rəhim Əliyev, fəlsəfə doktoru İbrahim Quliyev, Ağ Partiya sədri Tural Abbaslı və digərləri çıxış ediblər. Tədbirdə Məhəmməd Əmin Rəsulzadənin heykəlinin qoyulması üçün hakimiyyətə müraciət olunması təklif olunub. Tədbir digər şəxslərin çıxışları ilə davam edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun