VHP 21 Azər hərəkatının 73-cü ildönümü qeyd edib

VHP 21 Azər hərəkatının 73-cü ildönümü qeyd edib
13 Dekabr 2018
Mətni dəyiş
Toplantıda Vətəndaş Həmrəyli Partiyasının sədri Sabir Rüstəmxanlı, DAK-ın Güney Azərbaycan Nümayəndəliyinin rəhbəri Babək Muğanlı, Azərbaycan Xalq Demokrat Partiyasının sədri Rafiq Turabxanoğlu, Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa, AMEA əməkdaşları Yasəmən Qaraqoyunlu, İbrahim Quliyev, Məsumə Şükürzadə, Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı, “Qərbi Azərbaycana Qayıdış” İctimai Birliyinin sədri Rizvan Talıbov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Azərbaycan Milli Demokrat Partiyasının sədri İsgəndər Həmidov, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, “Borçalı” İctimai Birliyinin sədr müavini Rüfət Muradlı, rejissor Rövşən Almuradlı, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, araşdırmaçı-yazar Ənvər Börüsoy və Vətəndaş Həmrəyliyi Partiyasının üzvləri iştirak ediblər.
Tədbiri VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı açaraq 1945-ci ildə Güney Azərbaycanda qurulan Milli Hökumətin qısa müddətdə həyata keçirdiyi uğurlu fəaliyyəti və süqutu haqqında ətraflı məlumat verib, Seyid Cəfər Pişəvərinin başçılığı ilə qurulan dövlətin apardığı islahatlar, Azərbaycan xalqı üçün gördüyü işlərdən danışıb. O, həmin dövrdə Azərbaycan dilində məktəblərin yaradıldığını, ana dilində qəzet, radio, televiziyanın fəaliyyət göstərdiyini xüsusi vurğulayıb: “Ancaq, bütün sahələri əhatə edən bu islahatları sona çatdırmaq mümkün olmayıb. Çünki bir ildən sonra Seyid Cəfər Pişəvərinin və hökumətin tərkib hissəsi olan ziyalıların öldürülməsi ilə bütovlüyünü bərpa edən şah rejimi yenidən Azərbaycan xalqına qarşı qırğınlar törədib. Hazırda da hakimiyyətdə olan molla rejimi 35 milyondan artıq türkün hüquqlarını əlindən alıb, onların ana dilində bir dənə də olsun məktəbi yoxdur”. Daha sonra DAK-ın Güney Azərbaycan Nümayəndəliyinin rəhbəri Babek Muganli çıxış edərək 21 Azər Hərəkatının tarixin ən şanlı səhifələrindən biri olduğunu söyləyib: “Milli Hökumət bir il ərzində şah rejiminin 20 ildə görmədiyi işləri gördü. Pişəvəri hökuməti devrildikdən sonra kütləvi qırğınlar törədildi, edamlar həyata keçirildi, kitablar və bütün tarixi sənədlər yandırıldı. Bundan sonra Güney Azərbaycanda aclıq, səfalət hökm sürməyə başladı. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan türklərinin iradəsini qıra bilmədilər. Bu gün Güney Azərbaycan yenə də ayaqdadır. İnşallah, Güney Azərbaycanda milli hökumətimizi yenidən quracağıq”. Araşdırmaçı-yazar Ənvər Börüsoy deyib ki, Milli Hökumətin süquta uğramasının səbəbi pərdəarxası danışıqlardır: “Pişəvəri hökumətinin Türkiyənin o vaxtkı hökumətinin baş naziri İsmət İnönü və Məhəmməd Əmin Rəsulzadə ilə sıx əlaqələri var idi”. O, hazırda Güney Azərbaycanda proseslərin iki mərhələdə getdiyini söyləyib: “Artıq Güney Azərbaycanda nəzm ədəbiyyatından nəsrə keçilib. Bundan başqa, dil kursları, teatrlar, aşıqlar, şairlər və yazıçılar cəmiyyətləri fəaliyyət göstərir. Düzdür, sosial-iqtisadi həyat tərzi çox aşağıdır. Təsəvvür edin, soydaşlarımızdan kənd təsərrüfatı məhsullarını uzuc qiymətə alıb fars bölgələrində onlarda digər məhsul istehsal etməklə baha qiymətə satırlar. Bu gün Tehran və İsfahanda dövlət büdcəsi hesabına erməni məktəbləri fəaliyyət göstərir, “Alik” qəzeti buraxılır. Artıq Güney Azərbaycan Milli Hərəkatı hüquqi mübarizə mərhələsinə keçib”. Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sedreddin Soltan qeyd edib ki, Milli Hökumətin yaradılması maarifləndirmə hərəkatı ilə başlayan zəncirin davamı olub: “XIX əsrdə Azərbaycanın Quzeyində və Güneyində başlamış maarifləndirmə hərəkatı, mətbuatın önə çıxması XX əsrdə çox böyük hadisələrlə nəticələndi. Nə baş verdi? Qəbul etsək də, etməsək də öncə Səttərxan hərəkatı, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti, Xiyabaninin qurduğu Azadistan dövləti, 1945-ci ildə Azərbaycan Milli Hökuməti yarandı, nəhayət 1991-ci ildə Azərbaycan Respublikası bərpa olundu. Bu zəncir qırılmadan beləcə davam etdi və bu gün də Güneylə Quzey arasında bir zəncir var. Bu gün Quzeydə Təbrizin “Traktor” futbol komandasının qələbələrini qeyd edirik. “Traktor” bir hərəkatdır. Bu hərəkatda Milli Hökumətin irəli sürdüyü şüarlar səsləndirilir. “Haray-haray mən türkəm” deyə dünyaya car çəkilir. Bu zəncir var olduqca, Azərbaycan türkü öz milli haqları istiqamətində hər zaman addımlayacaq”. “Borçalı” İctimai Birliyinin sədr müavini Rüfət Muradlı vurğulayıb ki, Güney Azərbaycanda dil, mədəni hüquqlar uğrunda mübarizə gedir: “Bu mübarizə Azərbaycan dilinə İranda dövlət dili statusu verilməsinə hesablanıb. Bu gün 35 milyondan artıq türkün əsas şüarı “Türk dilində mədrəsə, olmalıdır hər kəsə!”dir. Milli Hökumət bir ildə soydaşlarımıza çox şeyi verdi. Bu gün ana dilində mübarizədə məhz bu amil əsas stimul rolunu oynayır. 21 Azər Hərəkatı bizim qan yaddaşımızdır”. “Qərbi Azərbaycana Qayıdış” İctimai Birliyinin sədri Rizvan Talibov bildirib ki, Güney Azərbaycan təkcə Azərbaycan Respublikasının deyil, ümumilikdə, Türk Dünyasının məsələsidir: “Fikrimcə, Azərbaycanla İran arasında gediş-gəliş daha da sadələşdirilməli, sərhədlər açılmalıdır. Bu da qarşılıqlı səfərlərin artmasına müsbət təsir göstərəcək. Nəticədə bizim mənəvi cəhətdən bütövləşməyimizdə böyük rol oynayacaq”. Daha sonra AMEA-nın əməkdaşı Yasəmən Qaraqoyunlu, Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, AMEA-nın əməkdaşı, güneyli tərcüməçi Məsumə Şükürzadə də mövzu ilə bağlı fikirlərini bölüşüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun