ABŞ Rusiyaya 60 gün vaxt verdi

ABŞ Rusiyaya 60 gün vaxt verdi
5 Dekabr 2018
Mətni dəyiş

ABŞ dövlət katibi Mike Pompeo deyir ki, əgər Moskva iki ay ərzində Soyuq Müharibə zamanı imzalanmış nüvə silahları müqaviləsinin şərtlərinə qayıtmazsa, Birləşmiş Ştatlar bu razılaşma üzrə öhdəliklərini ləğv edəcək.

Rusiyanı özünün “nüvə silahına nəzarət öhdəliklərində cığallıq etməkdə” günahlandıran Pompeo dekabrın 4-də Brüsseldə deyib ki, ABŞ-ın Moskva və Vaşinqton arasında 1987-ci ildə bağlanmış Ortamənzilli Nüvə Raketləri Müqaviləsindən (INF) çıxması üçün 6 aylıq xəbərdarlıq dövrü 60 gündən sonra başlanacaq.

Azadlıq Radiosunun məlumatına görə, Pompeo bu bəyanatı NATO müttəfiqləri üzrə həmkarlarının görüşündən sonra verib və deyib ki, indi bu müqaviləni saxlamaq məsuliyyəti tamamilə “Rusiyanın üzərinə düşür”.

Belçika paytaxtında keçirilən NATO xarici işlər nazirləri sammitinin iştirakçıları bildiriblər ki, Rusiya 1987-ci il müqaviləsini pozan raket sistemini “yaradıb və yerləşdirib”.

Onlar Moskva və Vaşinqton arasında bu müqavilənin pozulmasını “Avroatlantika təhlükəsizliyinə hədə” adlandırıblar:

"Biz Birləşmiş Ştatların Rusiyanın INF Müqaviləsini pozduğuna dair gəldiyi qənaəti güclü şəkildə dəstəkləyirik”.

NATO nazirləri Moskvanı “təcili və təftişi mümkün bir qaydada müqavilənin şərtlərinə riayət etməyə” çağırıblar.

Mətbuat konfransında danışan Pompeo deyib ki, Rusiya həm də Novator 9M729 kimi tanınan SSC-8 ballistik raketlərinin “çoxsaylı batalyonlarını” yaradıb və bu raketlərin vuruş dairəsi “Avropaya birbaşa təhlükə təşkil edir”.

1987-ci il müqaviləsi iki ölkəyə 500 kilometrdən 5000 kilometrədək uçan raketlərin istehsalını, saxlanması və yerləşdirilməsini qadağan edir.

ABŞ prezidenti Donald Trump oktyabrda Rusiyanın SSC-8 raketlərini yaratmaqla INF müqaviləsinin şərtlərini pozduğunu demişdi.

Rusiya bu iddiaları rədd edib və bildirib ki, əksinə, ABŞ-ın Avropada yerləşdirdiyi raket sistemlərinin bəzi komponentləri sözü gedən sazişin müddəalarına ziddir.

Vaşinqton bu iddianı rədd edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun