Siyasi məhbus Murad Ədilov təxribata çəkilir

Siyasi məhbus Murad Ədilov təxribata çəkilir
3 Noyabr 2018
Mətni dəyiş
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, siyasi məhbus Murad Ədilov saxlanıldığı 10 saylı cəzaçəkmə müəssisəsində təxribata məruz qalır. Bu barədə Muradın qardaşı, AXCP mətbuat xidmətinin rəhbəri, hazırda mühacir həyatı yaşayan Natiq Ədilov analarına istinadla məlumat yayıb. Məlumatdan aydın olur ki, Murad Ədilov noyabrın 2-də evə zəng edib və müəssisədə artıq intihar həddinə çatdırıldığını deyib. Deyib ki, müəssisənin Xəyal Həsənov adlı böyük nəzarətçisi onu “qaralayıb”. Qısa müddətdə 3 dəfə ona töhmət verib. Faktiki onu ölüm həddinə çatdırıb. Murad Ədilov anasına bildirib ki, bu barədə məlumatı ictimailəşdirsinlər, onun adından Ədliyyə Nazirliyinə, Prezident Administrasiyasına, Ombudsmana müraciət etsinlər. Məlumatda deyilir ki, Murad baş verənlərlə əlaqədar artıq müəssisə rəhbərinə də xəbərdarlıq edib. Deyib ki, nəarətçi Həsənov qanunsuz hərəkətlərini və onu təngə gətirməyi dayandırmasa, özünə qəsd edəcək. “Qısa və gərgin söhbətdə o da bəlli olub ki, Həsənov Muraddan həm də vaxtaşırı rüşvət tələb edir”, – deyə Natiq Ədilov bildirib. Murad Ədilov 2014-cü ildə narkotik ittihamı ilə şərlənərək 6 il müddətinə həbs olunub. O, AXCP üzvü olsa da, aktiv siyasi fəlaiyyət göstərməyib, həbsinin səbəbi də qardaşı Natiq Ədilovun jurnalist fəaliyyətidir. Natiq Ədilov Azadlıq qəzetinin və “Azərbaycan saatı” proqrmı/TuranTV-nin əməkdaşı olaraq uzun müddətdir hakimiyyətin əsas tənqidçilərindəndir. Xatırladaq ki, bu siyasi məhbuslara qarşı təxribat baxımından ilk hadisə deyil və indiyə qədər baş verənlərin fonunda ciddi narahatlığa əsas yaradır. İndiyədək çox sayda siyasi məhbus müxtəlif bəhanələrlə vaxtaşırı cəzaçəkmə müəssisələrində “karsa” salınıb, ən pisi isə keçmiş səhiyyə naziri Əli İnsanova qarşı ediləndən sonra bu il də daha iki siyasi məhbus  – AXCP funksioneri Məmməd İbrahim və dini fəallardan Telman Şirəliyev həbs müddətləri bitən ərəfədə yenidən şərlənərək cinayət məsuliyyətinə cəlb olunublar. İndi də Murad Ədilovun həbs müddəti bitməyə yaxın yeni bir təxribatla əlavə cinayət məsuliyyətinə cəlb oluna biləcəyi narahatlıq doğurur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun