Orxan Baxışlının apellyasiya şikayətinə baxılır

Orxan Baxışlının apellyasiya şikayətinə baxılır Foto: sosial media
27 Noyabr 2018
Mətni dəyiş

Bu gün Bakı Apellyasiya Məhkəməsində Xalq Cəbhəsi Partiyasının (AXCP) gənclər komitəsinin üzvü Orxan Baxışlının işi üzrə hazırlıq iclası keçirilib.

İclasda vəkil Elçin Sadıqov beş vəsatət qaldırıb. O, məhkəmədən şikayətə təkrar məhkəmə istintaqı ilə baxılmasını, guya Baxışlıya məxsus olan narkotik maddənin ekspertizasının təyin edilməsini, bu iş üzrə hal şahidlərinin başqa işlərdə iştirak edib-etmədiyinin, Bakı Polis İdarəsinin qeydiyyat kitabında fəalın üzərində narkotik olması haqqında məlumatın olub-olmadığının müəyyənləşdirilməsini xahiş edib. Vəkillər həmçinin qapalı iclasda Baxışlının üzərində narkotik olması haqqında operatif məlumatı verən şəxslərin dindirilməsini xahiş ediblər.

Dövlət ittihamçısı Ramiz Allahverdiyev vəsatətlərə etiraz edib.

Hakim Həsən Əhmədov vəsatətləri təmin etməyib və mahiyyəti üzrə dinləmələri dekabrın 10-na təyin edib.

Xatırladaq ki, Baxışlı mayın 6-da saxlanılıb, polis onun üzərində 6 qr heroin aşkar edildiyini bildirib. Fəal özü ittihamları təkzib edib, narkotiki onun üzərinə polisin özünün atdığını bildirib. Sentyabrın 18-də məhkəmə onu 6 il müddətinə azadlıqdan məhrum edib.

Həbsindən bir neçə gün əvvəl - mayın 3-də Ümumdünya Mətbuat Azadlığı Günü ilə əlaqədar jurnalist Elmar Hüseynovun qəbri başında Baxışlı jurnalistin qətlində ölkə hakimiyyətini ittiham edib. Həmkarlarının fikrincə, onun həbsinə məhz bu səbəb olub. Hüquq müdafiəçiləri Baxışlını siyasi məhbus kimi tanıyıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun