Maliyyə Nazirliyi qorumalı olduğu pulu borc paylayır - Rövşən Ağayev

Maliyyə Nazirliyi qorumalı olduğu pulu borc paylayır - Rövşən Ağayev
5 Noyabr 2018
Mətni dəyiş

Rövşən Ağayev  iqtisadçı ekspert

Azərbaycan hökumətinin sərəncamında iri məbləğdə ehtiyatlar var. Neft Fondunun və Mərkəzi Bankın sahib olduğu 45 mlrd. dollara yaxın valyuta aktivlərini nəzərdə tuturam. Amma 3-cü mənbə də var – Maliyyə Nazirliyinin sərəncamında olan və məbləği 1.2 mlrd. dollara yaxınlaşan ehtiyatlardan söhbət gedir. Bu ehtiyatlar necə formalaşır?

“Büdcə sistemi haqqında” Qanuna əsasən cari maliyyə ilinin sonuna büdcənin xərclənməyən, xəzinə hesabında qalan vəsaitlər növbəti ilə keçmir, sərbəst qalıqların hamısı vahid xəzinə hesabına köçürülür. Əgər büdcə kəsirini qapatmaq və ya normativ çərçivəsində müdafiə olunan xərc maddələrinin maliyyələşməsinə sərf edilmirsə, həmin vəsaitlərin tamamı vahid xəzinə hesabında ehtiyat kimi qalır. Bu ehtiyatların saxlanmasına və idarəetməsinə isə Maliyyə Nazirliyi səlahiyyətlidir.

Təəssüf ki, Neft Fondunun ehtiyatlarından fərqli olaraq dövlət büdcəsinin xəzinə qalıqları hesabına formalaşan ehtiyatların idarəçiiliyi ilə bağlı hesabatlılıq çox məhduddur, Maliyyə Nazirlyinin saytında bu barədə ümumiyyətlə məlumat yoxdur. Amma indi Hesablama Palatası ilk dəfə xeyli informasiya açıqlayıb.

Məlum olub ki, 2018-ci ilin ortalarına büdcə ehtiyatının məbləği 1.982 mlrd. manatdır. Onun 981 mln. manatı qanunvericiliyə uyğun olaraq saxlanmaq üçün Neft Fonduna, 19.8 mln. manatı isə Beynəlxaql Banka verilib. 163 mln. manatı “Kapital Bank”da yerləşdirilib.

Amma qanunvericilikdə nəzərdə tutulmadığı halda il ərzində qaytarılmaq şərtilə Dövlət Neft Şirkətinə və Dövlət Dəmiryoluna ssuda kimi verilib. Təsəvvür edirsiniz, dövlətin maliyyə resurslarının istifadəsinin qanunauyğunluğuna birbaşa səlahiyyətli olan Maliyyə Nazirliyi qanunda nəzərdə tutulmadığı halda dövlət resurslarını dövlət şirkətlərinə borc verir.

Ümumiyyətlə, hökumətin sərbəst maliyyə resurslarının (təkcə xəzinə qalığından söhbət getmir) banklarda yerləşdirilməsində də ədalətli mexanizmlər olmalıdır. Yaxınlarda Rusiyada hökumətin sərbəst vəsaitlərinin kredit təşkilatlarında müsabiqə yolu ilə yerləşdirilməsi ilə bağlı qaydalar qəbul edildi. Bu tiq qaydanın tətbiqinə bizdə də ehtiyac var.

Yeri gəlmişkən, son illər həcmi 1.5-2 mlrd. manatdan az olmayan xəzinə ehtiyatının istifadəyə verilməsindən dövlət büdcəsi ən yaxşı halda 3 -4 mln. manat gəlir əldə edib. Yəni gəlirlilik 0.2-0.3%.

Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi saytımızın mövqeyi ilə üst-üstə düşməyə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun