Avropa Məhkəməsində Rusiyaya qarşı bu cür qərar 14 il əvvəl olmuşdu

Avropa Məhkəməsində Rusiyaya qarşı bu cür qərar 14 il əvvəl olmuşdu
16 Noyabr 2018
Mətni dəyiş

Strasburqda Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası rusiyalı müxalifətçi Aleksey Navalnının “Rusiya Federasiyasına qarşı” işi üzrə qərar çıxarıb.  

«Novaya qazeta» yazır ki, məhkəmə Navalnının saxlanması və həbslərinin siyasi motivli olduğunu təsdiqləyib. Sonuncu dəfə Rusiyaya qarşı bu cür qərar 14 il əvvəl, 2004-cü ildə çıxarılıb.

İşə italiyalı Quido Raymondinin rəhbərliyi altında iyirmi hakkim baxıb. Navalnı iclasa qardaşı Oleq və iki vəkili ilə gəlib.

Məhkəmə qərarına görə, Navalnıya münasibətdə Avropa İnsan Haqları Konvensiyasının 18-ci maddəsi pozulub.

Formal olaraq maddə “Haqlara münasibətdə məhdudiayyətlərin istifadəsinin hüdudları” adlanır və bu maddədə dumanlı şəkildə deyilir ki, “həmin Konvensiyada göstərilmiş hüquqlara və azadlıqlara nəzərən labüd sayılan məhdudiyyətlər nəzərdə tutulan məqsədlərdən savayı başqa məqsədlər üçün tətbiq oluna bilməz”.

Amma 18-ci maddənin Konvensiyanın başqa maddələrinə (Avropa Məhkəməsinin daha əvvəl Navalnının hüquqlarını tanıdığı maddələr) bağlılığı məhkəməyə siyasi motivlərlə təqib haqda nəticə çıxarmağa imkan verib.

Söhbət Navalnının müxtəlif etiraz aksiyalarında yeddi dəfə saxlanılmasından və “inzibati hüquq pozuntularına görə məhkəmə qaydasında təqib olunmasından”, həmçinin 7 və 15 sutkalıq iki inzibati həbsindən gedir. Sadalanmış hallar 2012-ci ilin martından 2014-cü ilin fevralına qədər davam edib.

Bugünkü işlə bağlı ilk qərar 2017-ci il fevralın 2-də çıxarılıb. Məhkəmənin qərarına görə, bütün yeddi saxlanma halında azad toplaşmaq hüququ, şəxsi azadlıq və toxunulmazlıq hüququ və ədalətli mühakimə hüququnu nəzərdə tutan Konvensiya maddələri pozulub.

O zaman yeddi hakim Navalnının vəkillərinin tələbini yerinə yetirməkdən və müxalifətçinin siyasi motivlərlə təqib olunduğunu təsdiq etmək məqsədilə yuxarıda göstərilən maddələri 18-ci maddə ilə birləşdirməkdən imtina edib. Bundan başqa, məhkəmə Navalnıya Rusiya xəzinəsindən mənəvi ziyana görə 50 000 avro kompensasiya, məhkəmə xərclərinə görə 12653 avro və maddi ziyana görə 1025 avro ödənməsini qət edib.

Rusiya hakimiyyəti bu qərardan şikayət edib, siyasətçinin özü isə hakimiyyət tərəfindən siyasi təqibin etiraf edilməsini tələb edib. Nəticədə 2017-ci ilin mayında iş İHAM-in Böyük Palatasına göndərilib, 2018-ci il yanvarın 24-də isə məhkəmə tərəflərin fikirlərini dinləyib və indi qərar çıxarıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun