Qaşıqçı işi vəliəhd-şahzadənin karyerasını bitirir

Qaşıqçı işi vəliəhd-şahzadənin karyerasını bitirir
19 Oktyabr 2018
Mətni dəyiş

Kralın parlaq varisi jurnalist qətlində əsas hədəf çevrilib, Ankara ən üstdəki sifarişçinin cəzalandırılmasını istəyir

Səudiyyə Ərəbistanından olan jurnalist Camal Qaşıqçının işi tədricən aydınlaşır. Artıq yerli və beynəlxalq media orqanları jurnalistin konsulluqda öldürülməsi ilə bağlı “daha qəti” dəlillər barədə yazmaqdadır. Maraqlı detal isə oktyabrın 17-də Qaşıqçının itkin düşdüyü Səudiyyə Ərəbistanının İstanbul konsulluğunda axtarış aparan Türkiyə istintaq heyətinin binadan çıxarkən qeydə alınıb. Fotoqraflar konsulluqdan 9 saat davam edən axtarışdan sonra çıxan istintaqçıların əllərində içi dolu çantaların olması və bir istintaqçının geyimindəki qan ləkəsini lentə alıblar. Ancaq sonradan qana bənzəyən ləkənin qırmızı rəngli kimyəvi maddədən yarandığı məlum olub. Bu arada mediada əvvəlcə Qaşıqçının öldürülüb doğrandığı və baş dərisinin soyulduğu haqda xəbər və fotolar yayılıb. Ancaq sonradan bu fotoların saxta olduğu, bir neçə il əvvəl yayıldığı iddia olunub. ancaq eyni zamanda Türkiyə mediası Qaşıqçının öldürülməsi ilə bağlı daha dəqiq məlumatlar əldə edib, bu məlumatlarda Qaşıqçının konsulluq binasında, konsulun gözləri qarşısında öldürüldüyü qeyd olunur. Bu fakt konsulun yaşadığı iqamətgahda axtarışdan sonra da təsdiqlənib. Konsul özü isə oktyabrın 17-də Türkiyəni tərk edərək Ərəbistana gedib. Türkiyə mediasında isə İstanbula gələrək Qaşıqçını qətlə yetirməkdə ittiham olunan 15 nəfərlik heyət barədə maraqlı iddialar yer alıb. “Haber7” saytı yazıb ki, C.Qaşıqçını öldürmək üçün Səudiyyə Ərəbistanından Türkiyəyə gələn 15 nəfərlik qrupun üzvü Meşal Saad əl-Bostani paytaxt Ər-Riyada şübhəli avtomobil qəzasında ölüb. Leytenant Meşal Saad əl-Bostani Səudiyyə Ərəbistanın Hərbi-Hava Qüvvələrinin pilotu olub. Bildirilib ki, 31 yaşlı pilot jurnalistin qətli ilə bağlı sirləri də özü ilə aparıb. O, oktyabrın 2-də özəl təyyarə ilə İstanbula gələnlərdən biri olub. Bostani “Vindham qrand” hoteldə qaldıqdan sonra yerli vaxtla 21.46-da özəl təyyarə ilə Türkiyədən ayrılıb. Oktyabrın 2-də İstanbula gələrək konsulluğa daxil olan Mahir Əbdüləziz Mutrebin Səudiyyə vəliəhd-şahzadəsi Məhəmməd bin Salmanın yaxın adamıdır, hətta bir neçə xarici ölkəyə səfəri zamanı onu müşayiət edib. Mutrebin Səudiyyə Ərəbistanı xüsusi xidmət orqanlarının polkovniki olduğu, vəliəhd şahzadə ilə yaxın olduğu iddia olunur. Bir vaxtlar Səudiyyə Ərəbistanının Böyük Britaniyadakı səfirliyində işləyib. Dünya mediası isə bu hadisələrin vəliəhd-şahzadənin karyerası üzərində kabusa çevrilə biləcəyini yazır. Məsələ ondadır ki. Qərb mediası son 3 ildə Məhəmməd bin Salman haqqında islahatçı imici formalaşdırıb. Onun iqtisadi islahat qərarları, qadınlarla bağlı bir sıra yumşaldıcı qərarların müəllifi olması Qərbdə onun barəsində “Səhranın Lüteri” təşbehlərinə səbəb olub. Ancaq ötən ilin noyabrında çoxlu sayda şahzadənin korrupsiya ittihamı ilə oteldə həbs olunması, daha sonra isə Livan baş naziri Səəd Həririnin ər-Riyadda girov saxlanılması hadisəsi MBS-nin nüfuzuna ciddi zərbə vurub. Əgər Qaşıqçı hadisəsinin arxasından şahzadə çıxarsa, bu, onun karyerasını bitirə bilər. Hətta bəzi media orqanlarında Kral Slamanın digər oğlunun vəliəhdliyi haqda iddialar da yer alıb. Maraqlıdır ki, Amerika mediasının yazdığına görə, ABŞ dövlət katibi Maykl Pompeo da 16 oktyabrda ər-Riyadda olarkən vəliəhdə məhz bunu çatdırıb. Pompeonun MBS-yə bu hadisənin onun üzərində qalmasının onun taca gedən yolunu bağlaya biləcəyini deyib. İddialara görə vəliəhd-şahzadə Qaşıqçı işi ilə heç bir əlaqəsinin olmadığını deyib. Ancaq “Nyu York Tayms” qəzeti yazıb ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi jurnalist Qaşıqçının qətli əmrinin MBS tərəfindən verildiyi haqda dəlillərə malikdir. Qərb media orqanları, eləcə də ekspertlər (onların arasında MKİ-nin keçmiş direktoru da var – K.R.) Səudiyyə Ərəbistanında bu miqyasda hadisələrin şahzadənin məlumatı və razılığı olmadan baş tuta bilməyəcəyini qeyd edir. O da bildirilir ki, bu hadisənin vəliəhdin karyerasını ciddi şəkildə zərbə altında qoyur və Ankara da bu hadisəyə görə vəliəhdin vəzifəsindən kənarlaşdırılmasını tələb edir. O da bildirilir ki, Pompeo vəliəhdə “bu hadisədə əlin varsa zamanında etiraf etmən lazımdır, onsuz da tezliklə üzə çıxacaq” deyib, şahzadə isə hadisə ilə bağlantısının olmadığını deyib. İndi isə media vəliəhdin bu hadisəyə əmr verməkdə deyil, hökumət rəhbəri olaraq qarşısını ala bilməməkdə ittiham olunaraq vəzifəsindən azad ediləcəyini, onun yerinə isə hazırkı kralın başqa oğlunun, yaxud da ötən il vəliəhdlikdən kənarlaşdırılan Məhəmməd bin Naifin gətiriləcəyini yazır. Ancaq bütün bunlar hələlik sadəcə iddialardır. CNN telekanalının 3 gün əvvəl xəbər verməsinə rəğmən hələlik ər-Riyad Qaşıqçı işi ilə bağlı hər hansı etiraf açıqlaması yaymayıb. Ancaq görünən odur ki, hər keçən gün istintaq məhz Ərəbistan hakimiyyətinə təzyiqi artırmaq üçün yeni detallar açıqlayır. Bu isə bir mənada ər-Riyadı tələsdirmək məqsədi daşıyır. Ehtimal ki, bu qədər detallar açıqlandıqdan sonra Ərəbistan hakimiyyətinin hadisəni təkzib etmək şansı demək olar ki, qalmayıb. Yalnız bu qətlin hansı formada baş verməsi və cavabdehlərinin kimlər olması mövzusu məhz kral sarayının iradəsinə verilib. Əlbəttə ki, burada iki əsas tərəf olan hadisənin baş verdiyi Türkiyə və Səudiyyə Ərəbistanının əsas müttəfiqi ABŞ-ın da razılığı olacaq. Qaşıqçı işinin açılması məhz 3 paytaxtın da razılaşdığı şərtlərdə mümkün olacaq. Əks təqdirdə bu işin daha da böyüməsi ehtimalı var. Həm ABŞ prezidentinin son bəyanatları, həm də dövlət katibi Pompeonun ər-Riyadda söylədikləri onu deməyə əsas verir ki, Vaşinqton bu hadisənin hansısa formada, krallığın maraqlarına uyğun bir şəkildə açıqlanması ilə razılaşıb. Ancaq Ankara ilə bağlı bunu demək çətindir. Görünür ki, Türkiyə hökuməti bu hadisədə əsas əli olan və Ankaraya. Həm də Türkiyənin yaxın olduğu siyasi islam xəttinə, eləcə də Qətərə münasibətdə çox sərt olan şahzadənin cəzalanmdırılmasını istəyir. Saray isə hələlik tərəddüd edir və uyğun formulu tapmağa çalışır. Onun necə olacağı, vəliəhdin bu prosesdən necə çıxacağı isə yaxın günlərdə bilinəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun