Polşada Leyla və Arif Yunusların kitabı nəşr edilib

Polşada Leyla və Arif Yunusların kitabı nəşr edilib
30 Oktyabr 2018
Mətni dəyiş

Polşanın Vrotslav şəhərində KEW nəşriyyatı tanınmış vətəndaş fəalları Leyla və Arif Yunusların "Sovet düşərgəsindən Azərbaycan həbsxanasına" kitabını rus dilində nəşr edib.

496 səhifəlik kitab iki hissədən ibarətdir. Birinci hissənin - "MTN-in təkadamlıq kamerasındakı dustağın qeydləri"nin müəllifi Arif Yunusdur. Kitabda MTN-in təcridxanasında təkadamlıq kamerada saxlandığı 16 ayın xatirələri, məruz qaldığı işgəncələr və siyasi məhbusun üzləşdiyi digər problemlər əksini tapıb.

Müəllif keçmiş MTN-in istintaq təcridxanasını təsvir edir, orada hökm sürən vəziyyətdən danışır.

İkinci hissəni Leyla Yunus yazıb. O, SSRİ-nin süqutu ərəfəsində Azərbaycanda baş verənlərdən, müstəqilliyin ilk illərində Heydər Əliyevin hakimiyyətə gəlişindən və yürütdüyü siyasətdən, eləcə də hazırda onun varisi İlham Əliyevin yürütdüyü siyasətdən bəhs edir.

O, Azərbaycandakı siyasi məhbuslar haqda danışır.

Vrotslavda kitabın təqdimatı keçirilib.

Polşada nəşr edilən kitabı İnternet vasitəsilə nəşrin saytında əldə etmək olar: (http://www.kew.org.pl/produkt/yunus/)

Kitab həmçinin alman dilinə tərcümə edilib və Beynəlxalq PEN Klub tərəfindən nəşr olunub.

Noyabrın 8-də Almaniyanın Esslingen şəhərində kitab festivalının açılışı olacaq. Festivalı Leyla və Arif Yunuslar acacaqlar. Onlar Almaniya ictimaiyyətinə öz kitabları barədə məlumat verəcəklər.

Beynəlxalq PEN Klub noyabrın 15-də Vyanada KİV və ictimaiyyətin iştirakı ilə kitabın xüsusi təqdimatını keçirəcək.

Hazırda kitab ingilis dilinə tərcümə edilir. Kitabın Londonda və Brüsseldə təqdimatı planlaşdırılıb. Həmçinin kitabın fransız və holland dillərində tərcüməsi planlaşdırılır. Bu barədə kitabın müəllifləri - bir neçə il öncə həbs və təqiblərdən sonra ölkəni tərk etmiş Arif və Leyla Yunusların press-relizində bildirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun