Xarici İşlər Nazirliyi Füzuli və Cəbrayıl rayonlarının işğalı ilə bağlı açıqlama yayıb

Xarici İşlər Nazirliyi Füzuli və Cəbrayıl rayonlarının işğalı ilə bağlı açıqlama yayıb
23 Avqust 2018
Mətni dəyiş

Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının işğalının 25-ci ildönümü ilə əlaqədar Xarici İşlər Nazirliyi (XİN) açıqlama yayıb.

"Azərbaycan ərazilərinin işğal altında saxlanması heç zaman Ermənistanın güddüyü siyasi nəticələri verə bilməz. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və işğala əsaslanan status-kvonun dəyişdirilməsi münaqişənin siyasi həlli və hərtərəfli regional əməkdaşlıq üçün imkanlar aça və davamlı sülhün təmin olunmasına töhfə verə bilər. Azərbaycan tərəfi münaqişənin tezliklə həlli istiqamətində səylərin artırılmasını dəstəkləyərək beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini və vətəndaşlarının pozulmuş hüquqlarını bərpa etmək hüququnu özündə saxlayır", deyə XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev qeyd edib.

Açıqlamada deyilir ki, 23 avqust 1993-cü ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün tərkib hissəsi olaraq, Azərbaycana mənsub keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda yerləşən Füzuli və Cəbrayıl rayonları Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.

"İşğal nəticəsində Füzuli sakinlərindən 657 nəfər şəhid, 400 nəfər müharibə əlili olub, 181 nəfər əsir və itkin düşüb. Cəbrayıl rayonundan da 400 nəfərə yaxın şəhid və 177 müharibə əlili olub, 91 nəfər əsir və itkin düşüb. Hər iki rayonun sakinləri kütləvi şəkildə etnik təmizləməyə məruz qalıb, dövlət və özəl mülkiyyət obyektləri talan edilib".

Nazirlik bildirir ki, hazırda da Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozur.

"Belə ki, Ermənistan Füzuli və Cəbrayıl rayonlarında coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllərini davam etdirir. Xüsusilə Cəbrayıl rayonunda kənd-təsərrüfatı sahəsində qeyri-qanuni iqtisadi əməllər həyata keçirilir və Suriyadan olan ermənilər daxil olmaqla, erməni əsilli şəxslərin həmin ərazilərdə məskunlaşdırılmasına cəhd göstərilir. Ermənilərin heç zaman icma şəklində yaşamadığı Cəbrayıl rayonu ərazisində kilsənin tikilməsi Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərini ilhaq etmək və münaqişəyə dini don geyindirmək kimi çirkin niyyətlərini açıq şəkildə nümayiş etdirir".

Açıqlamada Ermənistan BMT-nin Təhlükəsizlik Şurasının Şurasının qətnamələrini yerinə yetirməyə və qoşunlarını Azərbaycan ərazilərindən çıxarmağa çağırır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun