Elgiz Qəhramanın həbsindən 2 il ötdü

Elgiz Qəhramanın həbsindən 2 il ötdü
13 Avqust 2018
Mətni dəyiş
Bu gün NİDA Vətəndaş Hərəkatının fəalı vicdan məhbusu Elgiz Qəhrəmanın şərlənərək həbs olunmasından 2 il keçir.  Elgiz siyasi motivli ittihamlar əsasında 3 il müddətinə azadlıqdan məhrum edilib.   Qəhrəman Elgiz Camal oğlu 1986-cı ilin noyabr ayının 1-də Yevlax rayonu Havarlı kəndində anadan olub. 2004-cü ildə ildə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyini bitirib. Bakalavr təhsilini Ankara Üniversiteti Siyasi Bilimlər Fakultəsi, Beynəlxalq Əlaqələr bölümündə alıb. Paralel olaraq Anadolu Universiteti Açıq Öyrətim Fakultəsi Xarici Ticarət bölümündə oxuyub. Türkiyədə təhsilini başa vurandan sonra Bakıda riyaziyyat və məntiqdən abituriyentlərə dərs deyirdi. 2004-2013 illərdə Ankarada aktiv şəkildə diaspora işləri ilə məşğul olub. Ankara Universiteti nəzdində fəaliyyət göstərən “Araz” təşkilatının üzvü, daha sonra isə “Türkaz” təşkilatının qurucu üzvü olub. Həmin təşkilatın başqan yardımcısı görəvində çalışıb. 2009-2010-cü illərdə Türkiyədə fəaliyyət göstərən Azərbaycan Tələbə və Məzunlar Birliyi təşkilatının mediya və ictimai əlaqələr sorumlusu olaraq çalışıb. Ankarada olduğu 9 il ərzində bir çox tədbirlərin təşkilatçısı kimi tanınıb. Belə ki, bu illər ərzində 31 yanvar M.Ə.Rəsulzadənin doğum günü və 28 may Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı günün bayram törənlərində M. Ə. Rəsulzadəni anma və məzarının ziyarət olunmasını, Xocalı soyqırımının ildönümlərində anım mərasimləri və mitinqlər təşkil edib. Elgiz Qəhrəman Azərbaycandakı ictimai-siyasi məsələlərə, insan haqlarına, Güney Azərbaycan, Doğu Türkistan türkləri məsələlərinə milli məsələ kimi yanaşıb, mitinq və konfranslarda aktiv şəkildə iştirak edib. Gənc fəal 2015-ci ildən Nida Vətəndaş Hərəkatının üzvüdür və son parlament seçkilərində hərəkatın namizədlərindən biri olub. Elgiz Qəhrəman 2016-cı il avqustun 12-də saxlanıb və haqqında CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs-qətimkan tədbiri seçilib. Onun üzərindən 3.315 qram heroin tapıldığı iddia olunur. NİDA-çı gənc yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay azadlıqdan məhrum edilib. Sonradan Bakı Apellyasiya Məhkəməsi də həmin hökmü qüvvədə saxlayıb. Ali Məhkəmə həbsi sonradan 3 ilə endirilib. Hazırda 14 saylı Cəza Çəkmə Müəssisəsində saxlanılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun