TANAP layihəsinin açılışı olacaq

TANAP layihəsinin açılışı olacaq
11 İyun 2018
Mətni dəyiş

İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) aşılış mərasimi olacaq.

Bu barədə Türkiyə prezidentinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, TANAP-ın açılış mərasimində layihənin iştirakçı dövlətləri ilə yanaşı Türkiyəyə dost ölkələrdən dövlət və hökumət başçıları, enerji nazirləri, enerji şirkətlərinin rəhbərləri qatılacaq.

“Son illər Türkiyə, Azərbaycan və Gürcüstanın birgə səyi nəticəsində Xəzər hövzəsindən dünya bazarlarına çıxışı təmin etmək məqsədi ilə irəliyə doğru addımlar atılmaqdadır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum nevt və qaz boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizinin açılışını reallaşdıran TANAP birgə fəaliyyətimizin nəticələrinin göstəricisidir”, Türkiyə prezidentinin mətbuat üçün açıqlamasında deyilir.

Prezident hesab edir ki, Cənub Qaz Dəhlizi Türkiyənin enerji təhlükəsizliyinin təmini və Avropanın enerji təhlükəsizliyi baxımından böyük önəm daşıyır.

“Xəzər enerji daşıyıcılarının təhlükəsiz və iqtisadi səmərəlilik baxımından dünya bazarlarına daşınması bölgədə əməkdaşlıq və qarşılıqlı inamın yaranmasına və genişlənməsinə təkan verəcək”, mətbuat açıqlamasında qeyd edilir.

Azərbaycan prezidenti İlham Əliyevin açılış mərasiminə qatılacağı gözlənilir.

Ümumi dəyəri 40 mlrd. avro təşkil edən Cənub Qaz Dəhlizinin bir hissəsi olan TANAP layihəsi Azərbaycanda hasil olunan təbii qazın Gürcüstandan keçərək Türkiyə ərazisi ilə Avropaya nəql edilməsini nəzərdə tutur. TANAP layihəsi “Şahdəniz” yatağının işlənilməsinin 2-ci mərhələsinin əsas elementlərindən biridir. “Şahdəniz-2” layihəsi çərçivəsində ilkin olaraq Azərbaycandan ildə 16 mlrd. kubmetr qaz Türkiyəyə nəql olunacaq, bunun 6 mlrd. kubmetri bu ölkənin istifadəsinə veriləcək, 10 mlrd. kubmetr isə Avropaya ixrac ediləcək.

TANAP layihəsinin Türkiyə-Yunanıstan sərhədində başa çatması və sonra təbii qazın Avropaya çatdırılması üçün TAP boru kəmərinə birləşməsi planlaşdırılır.

Bu layihə çərçivəsində hasil ediləcək təbii qaz boru vasitəsilə Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya çatdırılacaq. Kəmərin uzunluğu 3500 kilometrdir.

Layihə 2020-ci ildə tam işə düşməlidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun