"Avropa Məhkəməsinin İlqar Məmmədovla bağlı ikinci qərarı da icra edilmir"

"Avropa Məhkəməsinin İlqar Məmmədovla bağlı ikinci qərarı da icra edilmir"
6 İyun 2018
Mətni dəyiş

"Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı qəti olduğu andan 3 ay ərzində icra olunmalıdır. İlqar Məmmədovla bağlı Avropa Məkəməsinin qərarından keçən 3 aylıq müddət iyunun 5-də bitib. Amma həmin qərarın icrası ilə bağlı heç bir hərəkət edilməyib".

Bu barədə vəkil Fuad Ağayev Turan-a bildirib.

İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2014-cü ilin mayında İlqar Məmmədovun azadlıq hüququnun və təqsirsizlik prezumpsiyasının pozulduğunu tanıyıb. Ancaq o, hələ də azadlığa buraxılmayıb.

Ötən il dekabrın 5-də Avropa Şurası Nazirlər Komitəsi (AŞNK) AİHM-in İlqar Məmmədovla bağlı qərarının nəzərə alınmamasına görə Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə keçid qətnaməsi qəbul edib.

Xatırladaq ki, AİHM bu iş üzrə ikinci qərarı 16 noyabr 2017-ci ildə elan edib, qərar martın 5-də qərar qüvvəyə minib. Avropa Məhkəməsi ikinci işdə Məmmədovun Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi ilə nəzərdə tutulan ədalətli mühakimə hüququnun pozulmasını tanıyıb və işdə Məmmədova qarşı istifadə edilən bütün sübutların mötəbər olmadığını qət edib.

Qanunvericiliyə görə, Avropa Məhkəməsinin qərarı ilə bağlı məsələyə Ali Məhkəmənin plenumu baxmalıdır. Bu il mayın 25-də Ali Məhkəmənin plenumunun iclası olub.

"Həmin plenumda İlqar Məmmədovla bağlı məsələyə baxılıb-baxılmaması barədə nə mənə, nə də İlqar Məmmədova hər hansı məlumat verilməyib. KİV-də plenum haqqında dərc edilmiş xəbərlərdə İlqar Məmmədovla bağlı ikinci iş üzrə Avropa Məhkəməsinin qərarına dair məsələyə baxılması barədə məlumat yoxdur. Hakimiyyət bu cür hərəkətlərə yol verirsə növbəti dəfə beynəlxalq hüquq pozuntusuna imza atmış olur", deyə o qeyd edib.

Vəkil bildirib ki, bundan sonra ilk addım olaraq Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasına nəzarəti həyata keçirən Nazirlər Komitəsinə müraciət edəcək.

Onun sözlərinə görə, Avropa İnsan Hüquqları Məhkəməsi hazırda İlqar Məmmədovun birinci işi üzrə qərarla bağlı Nazirlər Komitəsinin verdiyi sorğuya baxmaqdadır.

"Bu məsələ ilə bağlı məhkəmə ilə yazışmalarımız olur. O ki qaldı ikinci qərara, ikinci qərar qəbul olunub, qətidir. Azərbaycan dövləti tərəfindən icra olunmalıdır", deyə Ağayev qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun