Ağacan Abıyev: "Elə ölkələr var, ağlayırlar ki, Formula 1 kimi yarışlara ev sahibliyi etsinlər"

Ağacan Abıyev: "Elə ölkələr var, ağlayırlar ki, Formula 1 kimi yarışlara ev sahibliyi etsinlər"
1 May 2018
Mətni dəyiş

Milli Məclisin İntizam komissiyasının sədri,deputat Ağacan Abıyev hesab edir ki, “Formula 1” yarışlarının Bakıda keçirilməsinə etiraz edənlər Azərbaycan xalqının idmanını sevməyənlərdir.  O deyib ki, hər hansı bir ölkə “Formula 1” yarışlarının keçirilməsinə razılıq versə, o ölkənin əhalisi bayram edər.

Millət vəkili Bakıda “Formula 1” yarışlarının keçirilməsinə etiraz edənlər barədə belə deyib:

“Onların fikirləri də bizə heç lazım deyil. “Formula 1” yarışlarının Bakıda keçirilməsinin əleyhinə olanlar, etiraz edənlər Azərbaycanın dünyada tanıdılmasını istəməyənlərdir”.

A.Abıyev qeyd edib ki, ”Formula 1” yarışları inkişaf etmiş şəhərlərdə keçirilir. Onun sözlərinə görə, bu yarışların Bakıda keçirilməsi Azərbaycanımızı dünyaya təqdim edir:

“Bu yarış Bakı kimi inkişaf etmiş, gözəl şəhərlərdə keçirilir. “Formula 1”-in Bakıda keçirilməsi Azərbaycanı, xüsusən də Bakını dünyaya inkişaf etmiş bir dövlət kimi təqdim edir. Dünyaya göstəririk ki, Azərbaycan nəyə qadir ölkədir. Bu, möhtəşəm bir layihədir və biz bunun gələcəkdə də keçirilməsini istəyirik”.

Millət vəkili “Formula 1” yarışlarının növbəti 5 ildə də Bakıda keçirilməsinə münasibət bildirib: “Biz əgər “Formula 1” yarışları ilə müqavilə bağlamışıqsa, müqavilənin vaxtı bitənə qədər yarışlara ev sahibliyi edəcəyik. Ölkələr var ki, ağlayırlar ki, bu cür yarışların keçirilməsinə ev sahibliyi etsinlər. Amma onlar ev sahibliyi edə bilmir. Çünki, onların nə təşkilatçılığı, nə də bacarıqları var”.

“Formula 1” yarışı artıq üçüncü dəfədir Bakıda keçirilib. Yarışların Bakıda keçirilməsinə etiraz edənlər, şəhərin mərkəzi hissələrinin avtomobil hərəkəti üçün bağlanmasını, yarış günləri dənizkənarı Milli parkına (bulvar) vətəndaşların buraxılmamasını, yarışa çəkilən xərclərin qeyri-şəffaf olmasını, ölkə büdcəsinin bu yarışlardan gəlir əldə etməməsini qeyd edirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun