Yaxın 5 ildə 15-29 yaşlılarda 320 min azalma gözlənilir - Nemət Əliyev

Yaxın 5 ildə 15-29 yaşlılarda 320 min azalma gözlənilir - Nemət Əliyev
26 Mart 2018
Mətni dəyiş

Nemət Əliyev

Növbəti 5 ildə 15-29 yaşlarında olan gənclərin sayı 320 min nəfər azalacaq.

Bunu vətənini, millətini sevən hər kəs üçün həyəcan təbili kimi də qəbul etmək olar. Baş verənləri yalnız bacarıqsızlıq və naşılıqla izah etmək doğru olmazdı. Gizli niyyətlər, destruktiv fəaliyyətin konturları açıq şəkildə görünməkdədir.

Bu ilin fevral ayından başlayaraq ölkədə iqtisadi fəal əhalinin sayı 1500 nəfər azalıb. Bir aylıq dövr üçün bu, böyük itkidir. İqitisadi fəal əhalinin sayının azalması bu ilin fevral ayında özünü biruzə versə də, əsas başlanğıcını daha əvvəlki illərdən götürür. Əgər pensiya yaş həddinin artırılması və bir sıra başqa xalturaları nəzərə almasaq, iqtisadi fəal əhalinin sıraları, əsasən, 10-14 yaş qrupuna daxil olan yeniyetmələrin hesabına təzələnir və genişlənir (əmək qabiliyyətli əhalinin aşağı yaş həddi 15-dir). 10-14 yaş qrupuna daxil olan yeniyetmələrin sayı isə 2002-ci ildən başlayaraq 2017-ci ilədək 35% və ya 313 min nəfər azalıb və onların sayı 622,4 min nəfərə düşüb (https://www.azstat.org/MESearch/details). Lakin problem yalnız bununla bitmir. Çünki ötən 15 ildə bünövrəsi tökülmüş bu mənfi tendensiya hər növbəti ildə sirayət edərək daha yuxarı yaş qruplarında da ciddi fəsadlara yol açıb. Bu səbəbdən 15-19 yaş qrupuna daxil olan gənclərin sayı 2007-2017-ci illərdə 281,7 min nəfər (29,8%) azalaraq 663,6 min nəfərə, 20-24 yaş qrupuna daxil olan gənclərin sayı isə 2012-2017-ci illərdə 102,4 min nəfər (11%) azalaraq 842,2 min nəfərə düşüb.

Hesablamalar göstərir ki, növbəti 5 ildə 15-19 yaşlarında olan gənclərin sayı daha 41 min nəfər (622,4−663,6=−41,2) azalacaq. 2022-ci ilə qədər 20-24 yaşlarında olan gənclərin sayının azı 178,6 min nəfər (663,6−842,2=−178,6), 25-29 yaşlarında olan cavanların sayının isə azı 100 min nəfər (842,2− 941,9=−99,7) azalacağına heç bir şübhə yoxdur. Deməli, 15-29 yaşlarında olan gənclərin sayı üzümüzə gələn 5 ildə daha 320 min nəfər və ya 15% azalacaq. 35 min nəfərlik azalma isə 45-54 yaş qruplarında baş verəcək.

Əmək ehtiyatlarının (iqtisadi fəal əhalinin) ən cavan və ən məhsuldar sıralarının qarşıdakı 5 ildə bu dərəcədə itkilərə məruz qalması, heç şübhəsiz, ölkədə ümumi işgüzarlıq və məhsuldarlıq səviyyəsinə öz mənfi təsirini göstərəcək. Hətta Statistika Komitəsinin sehrli çubuğu da belə bir şəraitdə işə yaramayacaq.

Amma 2022-ci ildən sonrakı dövrdə də bu dağıdıcı proses davam edəcək. Çünki 15-29 yaşlarında olan say-seçmə gənclərin ümumi sayının növbəti 5 ildə 320 min nəfər azalması sonrakı illərdə bağlanan nikahların sayına azaldıcı təsir göstərməklə doğum səviyyəsini daha da pisləşdirəcək. Bu hesabla, 10-14 yaş qrupuna daxil olan yeniyetmələrin sayı sonrakı illərdə yenidən azalmağa başlayacaq. Odur ki, bu zəncirvari reaksiya hələ bir müddət öz mənfi təsirini göstərəcək.

Xatırladım ki, iqtisadi fəal əhalinin sayının azalması sonuncu dəfə 2004-cü ildə müşahidə olunub. Lakin 2005-ci ildə bu məsələ asanlıqla öz müsbət həllini tapmışdır. Çünki o zaman problemlər bu dərəcədə dərinə işləməmişdir. Hazırkı şəraitdə isə vəziyyət çox mürəkkəbdir. Bu üzdən, oturuşmuş bu mənfi tendensiyanın asanlıqla durdurulacağına ümid, demək olar ki, yoxdur. Ona görə ki, uzun dövr ərzində ehtiyatlar və imkanlar xeyli dərəcədə zəiflədilib. Yalnız bunu xatırlatmaq kifayətdir ki, son 6 ildə əhalinin təbii artım göstəricisi 29% pisləşib. Yaxud da, bağlanan nikahların 29% azalması dağılan ailələrin 35% artması ilə müşayiət olunub. Can üstə olan təhsili, batmaqda olan səhiyyəni və sosial-iqtisadi müflisləşməni də buraya əlavə etsək, bu sahədə yaranmış vəziyyətin nə dərəcədə ağır olmasını təsəvvür etmək xeyli dərəcədə sadələşər.

Odur ki, ölkədə doğum səviyyəsini aşağı salan, ölüm hallarını artıran səbəblərə qarşı qətiyyətli mübarizə tədbirləri həyata keçirilməlidir. Gəncləri ölkəni tərk etməyə vadar edən səbəblər, işgüzar fəallığa mane olan şərait ortadan götürülməlidir. İslahatların önü açılmalı, ölkədə yaşayış üçün normal şərait yaradılmalıdır. Nəzərə almaq lazımdır ki, ötən hər gün əleyhimizə işləyir. Vaxt isə gözləmir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun