Polşanın baş naziri: "Rusiyaya başa salmaq lazımdır ki, NATO üzvünə hücum etmək olmaz"

Polşanın baş naziri: "Rusiyaya başa salmaq lazımdır ki, NATO üzvünə hücum etmək olmaz"
20 Mart 2018
Mətni dəyiş

Martın 20-də Britaniyadan çıxarılan rusiyalı diplomatlar Moskvaya uçan təyyarəyə minməlidir.

Onlar rusiyalı keçmiş casusun zəhərlənməsinə cavab olaraq öz ölkələrinə geri göndərilirlər.

Britaniyanın Milli Təhlükəsizlik Şurası isə insidentlə bağlı Rusiyaya qarşı mümkün yeni tədbirləri müzakirə edəcək.

Martın 19-da Avropa Birliyi və NATO martın 4-də keçmiş casus Sergei Skripal və qızı Yulia-nın Rusiya ordusu tərəfindən hazırlanmış sinir qazıyla zəhərlənməsini kəskin pisləyib.

Polşanın baş naziri Mateusz Morawiecki bildirib ki, buna real əməllərlə cavab vermək lazımdı:

 “Avropa Birliyinin simvolik deyil, sərt reaksiya verməli olduğunu deməyə razılaşdıq. Rusiyalı təcavüzkar anlamalıdır ki, NATO üzvünə hücum etmək olmaz”.

Xatırlatma

Martın 4-də Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliya Solsberidə ticarət mərkəzinin yaxınlığında huşsuz vəziyyətdə tapılıb. Onların  Rusiyada hərbi məqsədlər üçün hazırlanan “noviçok” adlı maddə ilə zəhərləndiyi müəyyən edilib.

Bu hadisədə xəsarət alanların sayı, təxminən, 21 nəfərdir. Onların arasında yerinə ilk çatan polis zabiti Nick Baili də var.

Britaniya hakimiyyəti Skripal-ın zəhərlənməsini sui-qəsd cəhdi kimi qiymətləndirib.

Baş nazir Theresa May hadisəyə görə Rusiya rəhbərliyini ittiham edib.

Rusiya tərəfi hadisə ilə bağlı heç bir istintaq başlatmayacağını, lakin Britaniyanın apardığı istintaqla əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun