HRW: "İlqar Məmmədov azad olunmayana qədər AB Azərbaycanla danışıqları dondurmalıdır"

HRW: "İlqar Məmmədov azad olunmayana qədər AB Azərbaycanla danışıqları dondurmalıdır" Foto: sosial media
5 Fevral 2018
Mətni dəyiş

“Azərbaycanda tanınmış siyasətçi, ölkənin azsaylı alternativ siyasi səslərindən olan İlqar Məmmədovun beş ildir həbsdə saxlanmasını anlamaq çətindir. Avropa Məhkəməsinin qərarlarına baxmayaraq, hakimiyyət onu buraxmaqdan imtina edir”.

Bunu Human Rights Watch insan haqları təşkilatının Cənubi Qafqaz direktoru Giorgi Gogia deyib.

Gogia bildirib ki, Məmmədovun həbsdə saxlanması bir çox səviyyədə yanlış qərardır:

“İlqar həbs olunanda qızı Ayselin 10 yaşı vardı. Həyatının üçdə birini atasını gözləməklə keçirib, onu ayda cəmi bir, ya iki dəfə görüb”.

Qurum təmsilçisinin fikrincə, Azərbaycanın Avropa Məhkəməsinin qərarını icra etməkdən imtinasının, hökumət tənqidçilərinə qəddar təzyiqinin bir bədəli olmalıdır.

“Artıq Azərbaycanın beynəlxalq tərəfdaşları heç nə olmamış kimi əməkdaşlığa davam edə bilməzlər. Məmmədovun həbsdə qalmasına, Avropa Birliyi üzvlərinin çoxunun Avropa Şurasında Azərbaycana qarşı hüquqi addımlara çağırmasına baxmayaq, Brüssel hazırda Bakıyla daha sıx tərəfdaşlıqla bağlı danışıqlar aparır. Əslində isə aydın şəkildə bildirməlidir ki, Avropa Məhkəməsinə sayıqısızlığın davam etdirilməsinin ciddi fəsadları ola bilər. Azından, AB Məmmədov evinə buraxılmayanadək danışıqlarla bağlı gələcək addımları dondurmalıdır”, – Gogia qeyd edir.

Xatırlatma

REAL hərəkatının lideri İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

Avropa Məhkəməsi artıq onun iki şikayətini təmin edib. Məhkəmə hələ 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulduğunu təsdiqləyib. Həmin qərardan sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdi. Ancaq Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra verilən kasasiya şikayəti də təmin edilməyib.

Ötən il dekabrın 5-də Avropa Şurası Nazirlər Komitəsi (AŞNK) Avropa Məhkəməsinin İ.Məmmədovla bağlı qərarını icra etmədiyinə görə Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə keçid qətnaməsi qəbul edib.

Hökumət rəsmiləri deyir ki, qanunvericiliyə edilən son dəyişikliklər İ.Məmmədovun şərti azadlığa çıxmasına imkan yaradır. Ancaq İ.Məmmədov da bəyan edib ki, o, şərti azadlıq yox, bəraət istəyir.

Bir müddət öncə Avropa Məhkəməsi Avropa Şurası Nazirlər Komitəsinə, Azərbaycan hökumətinə və həbsdə olan REAL liderinə məktub göndərib.

"Məktubda Nazirlər Komitəsinə, hökumətə və bizə sorğu ilə bağlı yazılı şərhlərin martın 1-nə kimi təqdim edilə bilməsi haqqında məlumat verilir",- İ.Məmmədovun vəkili Fuad Ağayev bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun