Manatın devalvasiyası kimə sərf edir?

Manatın devalvasiyası kimə sərf edir?
6 Yanvar 2018
Mətni dəyiş
Qubad İbadoğlu

Hazırda dünya bazarında Azərbaycan neftinin 1 bareli 70 dollara və ya 119 manata satılır. Ölkədə büdcə gəlirləri və xərclərinin uçotu manatla aparılır, daxildə bütün hesablaşmalar, o sıradan da əmək haqqı və pensiyalar da manatla ödənilir.

İndi özünüz nəticə çıxarın, manatın kəskin devalvasiyasından kimlər bəhrələnir. Əlbəttə ki, ilk növbədə gəlirləri və sərvətləri ədalətsiz bölüşdürən mövcud hakimiyyət.

2-3 il əvvəl neftin 1 barelini 110 dollara satıb 86 manat qazananlar, indi onu 70 dollara satıb 119 manat qazanırlar. Devalvasiyaya minnətdar olmaqla yenə də bu əməliyyatdan faydalanan onlar, itirən isə qiymətlərin bahalaşmasından, gəlirlərinin (əgər varsa) dəyərsizləşməsindən, kredit borclarının şişməsindən, iş yerlərinin bağlanmasından əziyyət çəkən sadə və dözümlü Azərbaycan xalqıdır.

Lənətə gəlmiş neft tükənməsə...

Hələ bütün bunlar azmış kimi, hazırkı hakimiyyət 2018-ci ildən zavallı xalqı cərimələri, dəbbə pullarını, rüsumları və aksiz vergilərini artırmaqla daha çox yükləməyə başlayıb. Ona görə də düz deyirlər ki, iqtisadi artım dövründən faydalananlar, böhrandan da bərhələnirlər. 

Qorx ki, manatın devalvasiyasından bəhrələnənlərin iştahı bir az da arta, onda onlar hətta üçüncü devalvasiyaya da gedib, 1 barel neft satışından qazanclarını 150 manatadək artıra bilərlər. Allah bizi o gündən qorusun! Görünür ki, bu lənətə gəlmiş neft tükənməsə və ya ucuzlaşmasa ölkədə nə dayanıqlı iqtisadiyyat olacaq, nə də gerçək islahat.

Manatın hələ də gerçək bazar məzənnəsi formalaşmayıb

Azərbaycan Respublikası Dövlət Neft Fondunun açıqlamasına görə, Fond yalnız ötən ilin dekabr ayı ərzində valyuta hərraclarında 584.8 milyon ABŞ dolları məbləğində vəsait satıb ki, bu da noyabrla müqayisədə 2,8 dəfə çoxdur.

Bununla əlaqədar olaraq, 2 məqamı diqqətinizə çatdırmaq istərdim. Birincisi, əvvəldən proqnozlaşdırdığımız kimi dekabr ayında valyuta bazarında gərginlik qeydə alınıb. İkincisi, əgər həqiqətən də liberal üzən valyuta rejimi ilə bazar tənzimlənirsə onda dollara tələbat artanda manat niyə dəyərdən düşmür?

Deməli, 1 ABŞ dolları 1,7 Azərbaycan manatı hələ də gerçək bazar məzənnəsi deyil, tənzimlənən və təyin olunan kursdur. Gerçək məzənnə yalnız bazar qüvvələrinin iştirakı ilə tələb və təklif əsasında formalaşa bilər. Ona da Mərkəzi Bank, Maliyyə Nazirliyi və Dövlət Neft Fondunun da təmsil olunduğu Maliyyə Sabitliyi Şurası imkan vermir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun