İran: səbəblər və tələblər

İran: səbəblər və tələblər
2 Yanvar 2018
Mətni dəyiş

İranı 2009-cu ildən bəri ən böyük antihökumət etirazları bürüyüb, minlərlə insan küçələrə etiraz aksiyalarına çıxıb.

Hökumətin qoyduğu səyahət qadağaları, sosial media şəbəkələrini bağlamaq cəhdləri jurnalistlərin bu etirazları işıqlandırmasını məhdudlaşdırıb. İndiyədək etirazlarda azı 22 nəfərin öldüyü xəbər verilir.

“The Associated Press” agentliyi etirazlara nəzər salır, bəzi məqamlara aydınlıq gətirməyə çalışır.

Etirazlar ötən həftənin cümə axşamı günü İranın ikinci böyük şəhəri olan Məşhəddən başlanıb. Bu şəhərdə ötən ilki seçkidə prezident Hassan Rouhani-nin əsas rəqibi sayılmış Ebrahim Raisi-nin nüfuzu güclüdür. Təhlilçilərin fikrincə, mühafizəkarlar burada etirazlar başlatmaqla teokratik hökumətdə nisbətən mötədil sayılan Rouhani-yə təzyiq göstərmək istəyiblər. Sonradan etirazlar sürətlə 80 milyonluq ölkəyə yayılıb.

Tələblər

Etirazçıların tələblərinə gəlincə, ilkin olaraq yumurta və toyuq məhsullarının 40 faizədək bahalanmasına qarşı səslərini ucaldıblar. Rouhani, eləcə də ali dini lider ayətulla Ali Khamenei-yə qarşı şüarlar səsləndirilib. Nümayişçilər içində İranın Suriya prezidenti Bashar Assad-a dəstəyini tənqid edənlər də var, 1979-cu il islam inqilabından öncə ölkədən qaçmış şahı tərifləyənlər də.

İndilik, etirazların lideri ortaya çıxmayıb. 2009-cu ildə mühafizəkar Mahmoud Ahmadinejad yenidən prezident seçiləndə isə belə deyildi, həmin etirazların liderləri illərdir həbsədir.

Amma son etirazları mühacirətdə olan Roohallah Zam adlı jurnalist Telegram mobil telefon mesajlaşma əlavəsi vasitəsiylə dəstəkləyir.

Hökumət bu yürüşlərə həm Telegram-ı, həm də Instagram foto-paylaşma şəbəkəsini müvəqqəti bağlamaqla cavab verib. Facebook və Twitter şəbəkələri çoxdan qapadılıb.

Küçələrdə həm uniformalı, həm də mülki geyimli polislər var, eləcə də İnqilab Qvardiyasının könüllü qüvvəsi olan Basij üzvləri görünür. Rouhani İranın etirazlara icazə verdiyini desə də, o və digər rəsmilər qanunu pozanlara qarşı tədbir görüləcəyini açıqlayıb.

İndiyədək etirazlarda azı 22 nəfərin öldürüldüyü, birinin polis olduğu xəbər verilir.

Reaksiyalar

ABŞ prezidenti Donald Trump etirazları dəstəkləyən tvitlər yazıb. Rouhani isə Trump-ın tənqidlərini rədd edib. Qeyd edək ki, iranlıların çoxu ABŞ prezidentinin onlara qoyduğu səyahət qadağasından narazıdır.

İranla nüvə sazişində iştirak etmiş Britaniya və Almaniya Tehranı dinc etirazlara icazə verməyə çağırıb.

İran özünü İslam Respublikası kimi təqdim edir, qanunları seçilmiş təmsilçilər qəbul edirlər, amma bütün dövlət məsələlərində ali dini lider son söz sahibidir. Mühaffizlər Şurası isə bütün qanunları təsdiqləməlidir. Yalnız ali dini liderə tabe təhlükəsizlik qüvvələri ikili vətəndaşlığı olanları və əcnəbiləri mütəmadi həbs edir, onlardan beynəlxalq danışıqlarda alver predmeti kimi yararlanır.

Nümayişçilər etirazların davam edəcəyini bildirirlər. Rouhani hökumətin nümayişlərə icazə verdiyini desə də, indiyədək etirazlar polisin icazəsi olmadan keçirilib və qanunsuzdur. Sonucda onlara necə cavab vermək qərarını ali dini lider seçəcək. Avrasiya Qrupundan Cliff Kupchan yazır: “Məsələ rejimin taleyinə dirənəndə Khamenei qərarını verir. Və onun sərəncamında xeyli sadiq və amansız əsgər var”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun