Məhkəmə Xədicə İsmayılın bank hesabındakı həbsi götürmədi

Məhkəmə Xədicə İsmayılın bank hesabındakı həbsi götürmədi
16 Dekabr 2017
Mətni dəyiş

Dekabrın 15-də araşdırmaçı-jurnalist Xədicə İsmayılın bank hesabına həbs qoyulması barədə məhkəmə qərarından verilmiş şikayətə baxılıb.

Bakı Apelyasiya Məhkəməsində hakim Səriyyə Seyidovanın sədrlik etdiyi iclasda qərar qəbul edilib.

Məlumatı Xədicə İsmayıl özü verib. Bildirib ki, bank hesablarına həbs qoyulması haqda ona noyabrın 14-ü məlumat verilib:

“Həbs isə noyabrın 8-də Vergilər Nazirliyinin tələbi ilə “Kapital Bank”dakı hesabına qoyulub. Dekabrın 27-də 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində bu məsələ ilə bağlı məhkəmə baxışı olacaqdı. Məhkəmə baxışının olmayacağı ilə bağlı məktub almışam” - jurnalist bildirib.

X.İsmayıl son illər bir neçə mükafata layiq görülüb. Jurnalistin deməsinə görə, həmin mükafatlarla bağlı onun “Kapital Bank”dakı hesabına vəsait daxil olub. O, hesabın üzərinə həbs qoyulmasının da elə vəsaitin daxil olmasından sonrakı dövrə təsadüf etdiyini düşünür.

X.İsmayıl deyib ki, qalibi olduğu mükafatların bir neçəsinin banka köçürülmüş vəsaitini ala bilməyib.

“UNESCO-nun mükafatı göndərilərkən də problemlə qarşılaşmışdım. O zaman hesab açmaq üçün dörd banka getdim. Banklarda sistem mənim adımı qəbul etmirdi. Məlum idi ki, sifariş verilib. Nəhayət, UNESCO-ya şikayət etdim və “Kapital Bank”da hesab aça bildim. Mükafatımı hissə-hissə ala bildim. İndi isə son iki mükafatımın hissə-hissə göndərilməsini xahiş etmişdim. Mükafatın bir hissəsini göndəriblər və bu zaman bank hesabıma həbs qoydular”, - o qeyd edib.

Jurnalist bank hesabına həbs qoyulmasını ironiya ilə “mükafatı ofşor zonalar vasitəsilə almağa çağırış” kimi qəbul etdiyini deyib.

“Ancaq yox, mən belə etməyəcəm. İstəyirəm mükafatım Azərbaycana gəlsin, qanuni yollarla dövlət büdcəsinə vergimi ödəyim. Bunun üçün qanunun imkan verdiyi çərçivədə mübarizə aparacağam. İndi məhkəməyə müraciət edəcəyəm”, - o vurğulayıb.

Jurnalist mükafatı ala bilmədiyi təqdirdə vəsaitin Azərbaycanda korrupsiya hallarının araşdırılmasına sərf olunmasını xahiş edəcəyini bildirib.

“Görsəm ki mükafatı ala bilmirəm, o zaman mükafatı verən təşkilatlardan xahiş edəcəm ki, vəsaiti xeyriyyə və Azərbaycanda korrupsiya hallarının araşdırılması məqsədilə xərcləsinlər”, - X.İsmayıl qeyd edib.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunmuşdu.  Jurnalistə vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası verilmişdi. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə təqsirləndirilirdi. Jurnalist bütün ittihamları rədd edib, məhz korrupsiya araşdırmalarına görə həbs olunduğunu bəyan etmişdi.

X.İsmayıl Ali Məhkəmənin qərarı ilə 2016-cı ilin mayında həbsdən buraxılıb. Məhkəmə onun cəzasını 3 il 6 ay şərti cəza ilə əvəz edib. Məhkəmə ona ittiham olunduğu iki maddə üzrə 179 (mənimsəmə) və 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) bəraət verib. Məhkəmə jurnalistə ittiham olunduğu digər iki maddə - 192 (qanunsuz sahibkarlıq) və 213 (vergidən yayınma) üzrə isə 3 il 6 ay cəza verib. Daha sonra 70-ci maddəni tətbiq etməklə onun həbs cəzası şərti cəza ilə əvəzlənib.

X.İsmayıl dünyada azadlıq mesajını yayan jurnalist kimi 2016-cı ildə UNESCO-nun “Gilyermo Kano” Dünya Mətbuat Azadlığı Mükafatına layiq görülüb.

Bu il sentyabrın 26-da X.İsmayıl “Nobel mükafatına alternativ” – “Dürüst Həyat” (Right Livelihood) laureatı adını qazanıb.

Kanadadakı Britaniya Kolumbiyası Universiteti Hüquq fakültəsinin təsis etdiyi “Allard” mükafatının qalibi də X.İsmayıl elan edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun