Bakı Şəhər İcra Hakimiyyəti: 'REAL-ın müraciətinə cavab veriləcək'

Bakı Şəhər İcra Hakimiyyəti: 'REAL-ın müraciətinə cavab veriləcək'
24 Oktyabr 2017
Mətni dəyiş

'Bakı Şəhər İcra Hakimiyyəti REAL-ın təsis qurultayının keçirilməsinə  yer vermək istəmir'.

Abzas.net xəbər verir ki, bu barədə Respublikaçı Alternativ (REAL) Təşəbbüs Qrupunun yaydığı bəyantda deyilir.

Təşkilat Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Respublikaçı Alternativ Partiyasının Təşəbbüs Qrupunun I Təsis Qurultayını keçirməklə bağlı müraciətinə cavab vermədiyini bəyan edib:

"Təşəbbüs Qrupu adından Bakı şəhərində yerləşən, 400 nəfərlik zalı olan 4 və 5 ulduzlu otellərə partiya qurultayının keçirilməsi üçün müraciət edilib. Lakin müraciət olunan otellər siyasi partiya tədbirlərinə yer ayırmadıqlarını ifadə edib və yer verməkdən imtina ediblər".

Bəyanatda deyilir ki, bunu nəzərə alaraq oktyabrın 2-də Partiyanın Təşəbbüs Qrupu adından qurultaya yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyəti Mədəniyyət və Turizm Baş İdarəsinə müraciət ünvanlanıb.

"BŞİH qanunla nəzərdə tutulan 15 gün ərzində müraciətlərə cavab vermə qaydasını pozub. Hətta müraciəti qeydə almadıqlarını və icraata göndərmədiklərini bildiriblər”.

Təşəbbüs qrupu əlavə edib ki, onların istədikləri məkanlarda indiyədək digər siyasi partiyalar öz tədbirlərini keçiriblər:

"Hesab edirik ki, BŞİH qanunun tələblərini pozaraq müraciətimizə cavab verməməklə bir tərəfdən ayrıseçkilik edir, digər tərəfdən siyasi fəaliyyət azadlığını kobud şəkildə pozmuş olur. Bütün bunlar onu göstərir ki, Bakı şəhər İcra Hakimiyyəti siyasi rəhbərliyin sifarişi ilə hərəkət edir”.

REAL-ın Təşəbbüs Qrupu partiya qurultayının keçirilməsində qərarlı olduğunu açıqlayıb.

Təşkilata qurultay üçün yer veriləcəkmi?

Bakı Şəhər İcra Hakimiyyəti Mədəniyyət və Turizm Baş İdarəsinin şöbə müdiri Suğra Məmmədova isə Toplum.Tv-yə bildirib ki, müraciətə cavab veriləcək:

"Mən əlavə heç nə deyə bilmərəm. Onlar özləri də zəng etmişdilər. Bildirdim ki, müraciətlərinə cavab veriləcək".

"Təşkilata qurultay üçün yer veriləcəkmi?" sualına isə Məmmədova belə cavab verib: "Bu, mənim səlahiyyətimdə olan məsələ deyil və heç nə deyə bilmərəm".

Respublikaçı Alternativ (REAL) Partiyasının Təşəbbüs Qrupu oktayabrın 29-da qurultay keçirməyə qərar verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun