Aİ komissarı Şərq Tərəfdaşlığı sammitindən gözləntilərini açıqlayıb

Aİ komissarı Şərq Tərəfdaşlığı sammitindən gözləntilərini açıqlayıb
18 Oktyabr 2017
Mətni dəyiş

"Avropa İttifaqı (Aİ) ilə şərq tərəfdaşları arasındakı ikitərəfli münasibətlər ayrı-ayrı tərəfdaş ölkələrin ambisiyaları və ehtiyaclarına uyğunlaşdırılıb".

Bu sözləri Aİ-nin Genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han "New Eastern Europe" nəşrinə müsahibəsində Brüsseldə keçiriləcək sammitdən gözləntilərini açıqlayarkən deyib.

"Qarşıdan gələn sammit bu günə qədər əldə etdiklərimizə arxalanmaq, eləcə də tərəfdaşlığımıza yeni dinamizm qatmaq üçün imkandır. İddialı, amma eyni zamanda realist və etimada layiq olmalıyıq", - Y.Han bildirib.

"Noyabrdakı sammitdə fərqli düşündüyümüz yox, birgə səylər ilə həll edə biləcəyimiz məsələlərə diqqət ayırmalıyıq. Birgə inkişaf etdirə biləcəyimiz məsələlərə real diqqətin yönəldilməsi üçün "2020-ci ilə 20 nəticə" ("20 deliverables for 2020") konsepsiyasını hazırlamışıq. Bu konsepsiya Riqadakı son sammitdə müəyyən edilən dörd prioritet sahənin (institutların və yaxşı idarəetmənin möhkəmləndirilməsi, mobillik və insanlar arasında əlaqələr, bazar imkanları, qarşılıqlı əlaqə) hər birində nəticə verəcək", - avrokomissar əlavə edib.

"Təkrar edirəm, sammit hamımız - həm Aİ, həm də şərq tərəfdaşlarımız üçün birgə işimizin dəyərini və üstünlüyünü nümayiş etdirmək, birgə daha güclü olduğumuzu göstərmək üçün imkandır", - avropalı siyasətçi fikrini tamamlayıb.

Xatırlatma

Aİ-nin 6 şərq qonşusu - Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarus ilə yaxınlaşmasına istiqamətlənmiş "Şərq Tərəfdaşlığı" Proqramının icrasına 2009-cu ildə başlanılıb. Onun təşəbbüskarları Polşa və İsveç olub.

V Şərq Tərəfdaşlığı sammiti noyabrın 24-də Brüsseldə keçiriləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun