Əfqan Muxtarlıya yeni məzmunlu ittiham elan olunub

Əfqan Muxtarlıya yeni məzmunlu ittiham elan olunub
21 Oktyabr 2017
Mətni dəyiş

Onun  vəkilinin “vəkillərin qeydiyyat kitabı” əlindən alınıb

Gürcüstandan oğurlanıb Azərbaycanda həbsə atılan araşdırmaçı jurnalist Əfqan Muxtarlının vəkili Elçin Sadıqov Bakı İstintaq Təcridxanasında təzyiqlə üzləşib. Bu barədə o, Facebook statusunda yazır:

“Bu gün (dünən – red.) Bakı İstintaq Təcridxanasında Gürcüstandan oğurlanaraq Azərbaycana gətirilmiş və Azərbaycanda həbsdə saxlanılan jurnalist Əfqan Muxtarlı ilə görüşdüm. Onunla bağlı istintaq hərəkəti var idi. Belə ki, Əfqan Muxtarlıya yeni məzmunlu ittiham elan edildi, lakin ittiham edildiyi Cinayət Məcəlləsinin 206.1., 315.2. və 318.1-ci maddələr dəyişdirilmədən saxlanıldı, yalnız ittihamın məzmununda dəyişiklik edildi. Əfqan Muxtarlı bildirdi ki, özünü təqsirli bilmir, tənqidi və araşdırma yazılarına görə Gürcüstandan oğurlanaraq Azərbaycana gətirilib və qanunsuz həbsdə saxlanılır, eyni zamanda dindirmə protokoluna qeyd etdi ki, səhhəti çox ağırdır, ürək nahiyəsində və bədəninin müxtəlif yerlərində kəskin ağrılardan əziyyət çəkdiyini, öz hesabına Mərkəzi Klinik Xəstəxanasında və ya Gömrük Hospitalında müayinə və müalicə olunmasına razılıq verilsin. Daha sonra Əfqan Muxtarlı ilə təkbətək görüşdük, müdafiə ilə bağlı bir sıra taktikaları müzakirə etdik. İstintaq Təcridxanasından çıxan zaman jurnalların qeydiyyatı otağında Rövşən adlı gizir və Ədalət adlı əməkdaş məcburi olaraq mənim əlimdən üzərində “vəkillərin qeydiyyat kitabı” yazılmış, yaşıl üzlü vəkillik peşəmlə bağlı qeydlərimin olduğu kitabçanı əlimdən aldılar və Ə.Muxtarlı ilə təkbətək görüş zamanı müdafiə ilə bağlı taktikamızı oxudular, bunun qanunsuz olduğunu bidlirdikdə isə bu göstərişin birbaşa Penitensiar Xidmətin rəhbərliyindən gəldiyini, ona görə də rəhbərliyin onları müdafiə edəcəklərindən əmin olduqları üçün heç kəsdən qorxmadıqlarını bildirdilər. Onlar məni təhlükəsizlik məqsədi ilə yoxlamırdılar, çünki onları yalnız mənim qeydiyyat kitabıma Əfqanla görüş zamanı etdiyim qeydlər maraqlandırırdı ki, bizim “konfidensial” görüşümüzdə müzakirə etdiyimiz məsələləri prokurorluğa çatdırsınlar. Bu, Azərbaycanda müdafiə hüququnun təminatının (mövcud olmamasının) göstəricisidir, insanları günahsız həbs etmək azmış kimi onların müdafiə hüququnu da pozurlar. İngilis dilini bilən dostlardan xahiş edirəm ki, bu gün vəkilə qarşı baş vermiş bu özbaşınalığı ingilis dilinə tərcümə edib bütün dünyaya yaysınlar. Baş vermiş qanunsuzluqla bağlı ölkə rəhbərliyinə, Baş Prokurorluğa, Ombudsmana şikayətlər edəcəm və Vəkillər Kollegiyasına məktub yzacam ki, hər bir şəxsin əsassız şikayətləri ilə vəkillərin barəsində əsassız intizam icraatı başlayan Vəkillər Kollegiyası bu qanunsuzluğu Ədliyyə Nazirliyinin diqqətinə çatdırsın, heç olmasa bir dəfə vəkili, vəkilliyi müdafiə etsin”. XATIRLATMA Jurnalist Əfqan Muxtarlı Gürcüstandan oturum izini alıb. Ancaq bu il mayın 29-u müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Bakıdakı rəsmi qurumlarsa onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıldığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.

Ə.Muxtarlı hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunur. O, son iki ildə Gürcüstanda yaşayırdı. Azərbaycanda təqib olunduğunu bildirən jurnalist bir sıra araşdırma yazılarının müəllifi idi.

Əfqan Muxtarlı ilə bağlı Gürcüstanda da tədqiqat aparılır. İş əvvəlcə bu ölkənin Daxili İşlər Nazirliyində olub, sonra prokurorluğa verilib. Gürcüstan baş naziri və daxili işlər naziri Əfqan Muxtarlı olayında yerli hüquq mühafizə orqanlarının iştirakını təkzib ediblər. Bununla belə istintaq yekunlaşana qədər Daxili İşlər Nazirliyi və gömrükdə iki şəxs tutduğu vəzifədən uzaqlaşdırılıb.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun