Keçmiş MTN generalının məhkəməsində gərginlik yaranıb: "sən çox ləyaqətsiz adamsan"

Keçmiş MTN generalının məhkəməsində gərginlik yaranıb: "sən çox ləyaqətsiz adamsan"
8 Sentyabr 2017
Mətni dəyiş

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə növbəti məhkəmə keçirilib.

Abzas.net xəbər verir ki, iclas, Bakı Hərbi Məhkəməsində hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilib.

İclasda, intihar etmiş MTN polkovniki Malik Mustafayevin epizodu üzrə qızı Aysel Mustafayeva ifadə verib.

"Atam çox normal insan idi. İntihar edəcək bir adam deyildi. Əmim tutulan zaman ona təzyiqlər oldu. Evdə bizə heç nə demirdi. Məsələlərdən nə mənim nə də qardaşının xəbəri olmurdu. Onu bilirəm ki, çox gərgin idi", - deyə Aysel Mustafayeva bildirib.

İntihar edən polkovnikin qızı atasının intiharının dəqiq səbəbini bilmədiyini qeyd edib:

"Sadəcə o, bu vəziyyəti qəbul edə bilmirdi. İşdən də sərəncama götürmüşdülər".

Ardınca, MTN-də 8 il Elçin Quliyevin köməkçisi olmuş Rüstəm Rüstəmov dindirilib.

Rüstəm Rüstəmovun sözlərinə görə, o, 8 il məzuniyyətsiz gecə gündüz Elçin Quliyevin yanında olub:

"Rəisin həmin illər ərzində kiməsə hədə qorxu gəldiyini, qışqırdığını görməmişəm. Malik Mustafayevlə də münasibəti çox yaxşı idi. Malik Mustafayevin bir dəfə qəbulda olduğunu görmüşəm. Çox normal şəkildə ordan ayrılıb".

Elçin Quliyevin suallarına cavab verən Rüstəm Rüstəmov bildirib ki,  ATM-də İlqar Əliyevin özünün dəsti xətti vardı: "Bəzi məsələlər vardı ki, Elçin Quliyevin ondan xəbəri olmurdu. O söhbət onun otağına gedib çatmırdı".

Zərərçəkən Mətləb Mustafeyev bildirib ki, İlqar Əliyev o idarədə Elçin Quliyevi saymırdı.

Elçin Quliyevlə zərərçəkən arasında gərginlik yaşanıb.

Keçmiş MTN generalı Mətləb Mustafayevin həbs olunmasından danışıb:

"Sən çox ləyaqətsiz işlər görmüşdün. Özün yaxşı bilirsən. Səninlə bağlı MTN-ə ərizə yazmışdılar. Lazımdısa burda açıqlayım".

Hakim müdaxilə edərək tərəfləri sakitləşdirib.

Daha sonra hal şahidi qismində Rahib Hümmətov dindirilib.

Rahib Hümmətov bildirib ki, həmin vaxt Nəsimi rayon "JEK"də çalışıb:

"Ərazidə abadlıq işləri görürdük. Birdən qara rəngli avtomobil bizə yaxınlaşdı. Xidməti vəsiqəsini göstərdi. Baxdım MTN əməkdaşlarıdır. Bizə dedilər buraya yaxın bir evdə axtarış aparılacaq. Bizə hal şahidi olmağı təklif etdilər. Biz də razılaşdıq. Daha sonra avtomobilə minib həmin mənzilə getdik. Mənzildən tapança, daraq və iki güllə tapıldı".

Ardınca şahid qismində ləğv edilmiş MTN-in Müvəqqəti Saxlama Təcridxanasının rəisi Zaur Bənnayev də dindirilib.

"Bir dəfə səhhəti pisləşdi. Həkim dəvət etdik. Müayinə elədi. Sonra Poliklinikanın rəhbəri Məzahir Qurbanov gəldi, aparat gətirmişdi. Sabiq nazirin göstərişi olmuşdu. Mətləb olan vaxtı ora ATM rəis müavini İlqar Əliyev də gəlmişdi. Mənim otağımda görüşdülər", - deyə, Zaur Bənnayev bildirib.

İclas zamanı hakimdən söz istəyən zərərçəkmiş Mətləb Mustafayev bildirib ki, Malik Mustafayev 2 saat 40 dəqiqə Antiterror Mərkəzində olsa da, bunun yalnız 20 dəqiqəsini Elçin Quliyevlə görüşdə olub:

"Bununla bağlı biz sorğu verdik. DTX-dan verdiyimiz sorğuda cavab verildi ki, Malik Mustafayev həmin gün Hilal Əsədovun razılığı ilə 13:04-də MTN-in Antiterror Mərkəzinə daxil olub, 15:44-də oranı tərk edib. Yəni 2 saat 40 dəqiqə orda olub. Maliklə Elçin Quliyevin son görüşü Mübariz Hüseynovun xidməti otağında cəmi 20-30 dəqiqə çəkib. Bəs burda sual yaranır ki, Malik Mustafayev 2 saat harada olub? Başqa kimin yanında olub? Həmin gün o, İlqar Əliyev və Elçin Quliyevin yanında olub. Elçin Quliyevin xidməti otağında qardaşımı sorğu-sual edib. İlqar Əliyev qardaşımdan müstəntiq Elşən Murtuzovun təyin etdiyi vəkil Vaqif Məmmədovdan imtina edildiyini və vəkil Eldəniz Alxazla müqavilə bağlamağının hansı səbəbdən olduğunu soruşub. Qardaşım Malik ona bildirib ki, bu ailə üzvlərinin istəyi ilə olub. Bu zaman İlqar Əliyev həmin qohumun telefonunu istəyib və ondan Malikin doğru danışıb-danışmamağını soruşub. Yaxın qohumu da vəkillə müqavilə bağlamasında kömək etdiyini deyib. Onlar Malik Mustafayevə mənlə bağlı təzyiq göstəriblər. Malik onunla razılaşmayıb. Daha sonra Elçin Quliyev qardaşıma bildirib ki, həftənin birinci günü gəlib, sənədlərlə tanış olarsan, qardaşını başa salarsan".

Elçin Quliyev zərərçəkmişin yalan danışdığını deyərək ittihamları rədd edib:

"Bu ittihamların hamısı qərəzli, əsassız və absurddur".

Keçmiş MTN generalı prokurora da etirazını bildirib.

O qeyd edib ki, şahidlərə və zərərçəkənlərə sual verən zaman prokuror etiraz edir:

"Nə sual verirəm deyir ki, yönəldici suallar verirsən".

İclasda daha sonra şahid qismində bir neçə DTX-da çalışan xüsusi əməliyyatçıları ifadə verib.

Növbəti məhkəmə iclası sentyabrın 22-də keçiriləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun