"Kanal-13"-ün direktorunun məhkəməsi başlayıb

"Kanal-13"-ün direktorunun məhkəməsi başlayıb
27 Sentyabr 2017
Mətni dəyiş

"Kanal-13" internet televiziyasının icraçı direktoru Əziz Orucovun məhkəməsi başlayıb.

Sentyabrın 27-də hakim Mirzə Xankişiyevin sədrliyi ilə Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalistin işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Hakimlər Ə.Orucovun anket məlumatlarını dəqiqləşdirəndən sonra onun vəkilləri bir neçə vəsatət qaldırıb.

Vəkil Cavad Cavadov öncə Ə.Orucovun məhkəmə zalındakı şüşə kabinədən çıxarılaraq vəkillərinin yanında əyləşməsini istəyib:

"İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasının 6-cı maddəsinə görə, bizim daim müvəkkilimizlə konfidensial şəkildə ünsiyyət saxlamaq hüququmuz var. Biz hər dəfə məsləhətləşmək üçün durub onun yanına getsək, proses pozular".

C.Cavadov həmçinin, məhkəmə prosesinin audio və video yazısına icazə verilməsini istəyib. Bu vəsatətini də sonda məhkəmə iclas protokollarında təhriflərə yol verilmə ehtimalı ilə əsaslandırıb:

"Audio və video yazıya icazə verilməsini ona görə istəyirik ki, iclas protokollarında səhvlər olur. Əgər çəkiliş olsa, bu problem olmaz".

JURNALİST ŞÜŞƏ KABİNƏDƏN ÇIXARILIB

Prokuror Fəhmin Hümbətov vəsatətlərə etiraz edib. Deyib ki, məhkəmə zalında şüşə kabinədə məhkumun əyləşməsi Penitensiar Xidmətin əməkdaşları tərəfindən tənzimlənir:

"Bu, təhlükəsizlik tədbiridir. Digər vəsatət də əsassızdır. Çünki məhkəmə iclasları protokollaşdırılır və vəkillər razılaşmasa, qeydlər verə bilərlər".

Amma hakimlər Ə.Orucovun vəkillərinin yanında əyləşməsi barədə vəsatəti təmin edib və o, şüşə kabinədən çıxarılıb.

Video və audio yazıya gəlincə, hakim bildirib ki, məhkəmədə jurnalistlər var və istədikləri kimi məlumat hazırlayırlar. Həm də məhkəmə iclasları protokollaşdırılır.

Vəkil C.Cavadovun daha bir vəsatəti isə cinayət işinə xitam verilməsi, bu vəsatət təmin olunmasa, Ə.Orucov barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi, məhkəmənin hökmü bəlli olana qədər onun ev dustaqlığına buraxılması haqda olub. Müdafiəçi deyib ki, Ə.Orucov heç bir qrant müqaviləsinə imza atmayıb:

"Qrantlarla bağlı ittiham verilib. Halbuki, qrant əvəzsiz yardım hesab edilir və ianə kimi göstərilir. Qanuna görə, qrant vəsaitləri vergidən azaddır".

Digər vəkil Əlibala Rzayev də ittihamların əsassız olduğunu söyləyib:

"Bu ittihamlar havadan götürülüb. Məhkəmədə araşdırılmalı nəsə yoxdur. Ona görə də işə xitam verilməlidir. Məhkəmədə nəyi araşdıracaqsınız?".

Amma bu vəsatətlərin heç biri təmin olunmayıb. Cinayət işi məhkəmə baxışına verilib. Məhkəmə isə oktyabrın 10-na təyin edilib.

XATIRLATMA

Əziz Orucov mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün - iyunun 1-də Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində barəsində cinayət işi başlanıb, ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Ə.Orucov ittihamları qəbul etmir. "Kanal 13"-ün rəhbəri, Almaniyada mühacir olan Anar Orucov da bildirib ki, qardaşı onun özünün və rəhbərlik etdiyi media orqanının tənqidçi fəaliyyətinə görə həbs olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun