Əfvdən öncə Lapshin intihara cəhd edib

Əfvdən öncə Lapshin intihara cəhd edib
11 Sentyabr 2017
Mətni dəyiş

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov prezident İlham Əliyevin Alexander Lapshin-in əfv olunması haqqında Sərəncamını şərh edib.

Əli Həsənov bildirib ki, Sərəncama müvafiq olaraq, Lapshin Azərbaycanda cəzasının qalan hissəsini çəkməkdən azad olunur və yəqin ki, yaxın vaxtlarda o, İsrailə ekstradisiya ediləcək.

Əfvdən öncə Lapshin intihara cəhd edib

Əli Həsənov onu da bildirib ki, Lapshin-in Azərbaycanda cəza çəkməkdən azad olunması və İsrail Hökumətinə təhvil verilməsi məsələsi çoxdan idi ki, iki dövlətin müvafiq orqanları arasında müzakirə olunurdu. Bununla bağlı belə razılığa gəlinmişdi ki, prezidentin əfv Sərəncamından sonra Azərbaycan Hökuməti Lapshin-i İsrail tərəfinə təhvil verir və Lapshin bundan sonrakı öhdəliyini İsrail hökumətinin qanunlarına müvafiq olaraq yerinə yetirir. Lakin təəssüflər ki, İsrail rəsmiləri onun ekstradisiyası ilə bağlı proseduru bir xeyli uzatdılar. Bunun nəticəsi olaraq, dünən xoşagəlməz bir hadisə yaşanıb. Lapshin cəzaçəkmə müəssisəsində özünəqəsd cəhdinə əl atıb. Düzdür, həbsxana nəzarətçilərinin ayıqlığı və çevikliyi nəticəsində bu qəsdin qarşısı alınıb, təcili olaraq ona lazımi tibbi yardım göstərilib və hazırda Lapshin həkim nəzarəti altında müalicəsini davam etdirir.

Xatırlatma

Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapshin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib. Beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Lapshin-ə ittiham olunduğu Azərbaycan Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddəsi ilə bəraət verilib. Qeyd edilib ki, bu maddə ilə verilən ittiham məhkəmə istintaqı zamanı sübuta yetirilməyib. Hökmdə qeyd edilir ki, Lapshin-in Azərbaycan dövlətinin əleyhinə etdiyi çağırışları təxəyyülünün məhsuludur, dedikləri ehtimal xarakteri daşıyır.

Məhkəmə Lapshin-i Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə təqsirli bilərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun