Əfqan Muxtarlı Gözəl Bayramlının işinə görə ifadə verib

Əfqan Muxtarlı Gözəl Bayramlının işinə görə ifadə verib
18 Sentyabr 2017
Mətni dəyiş

Gözəl Bayramlının işi üzrə dindirilən jurnalistə Gürcüstanda yaşayan siyasi mühacir Daşqın Ağalarlı və “Lancet” klinikasının həbsdə olan təsisçisi Fərman Ceyranlı haqqında da suallar verilib

Araşdırmaçı jurnalist Əfqan Muxtarlı AXCP sədrinin müavini Gözəl Bayramlıya qarşı açılan cinayət işi üzrə şahid qismində ifadə verib. Bu haqda Ə.Muxtarlının 1 saylı Bakı İstintaq Təcridxanasından “Basta”ya göndərdiyi məktubda deyilir.

Müstəntiq əsasən Gözəl Bayramlı ilə Əfqan Muxtarlının münasibəti, Gözəl Bayramlının Gürcüstanda görüşləri haqqında suallar verib.

“Suallara cavab olaraq bildirmişəm ki, Gözəl xanım şərlənərək həbs olunub. Onun çantasına pul hakimiyyət nümayəndələri tərəfindən yerləşdirilib. Gözəl Bayramlının Gürcüstanda hər hansı tədbirdə iştirakndan xəbərsiz olduğumu bildirmişəm”,- deyə Muxtarlı bildirib.

Prokurorluq jurnalistə siyasi mühacir, Müsavat Partiyasının üzvü Daşqın Ağalarlı və professor Fərman Ceyranlı haqqında da suallar verib.

“Sualların məğzindən bir daha aydın olur ki, Daşqın Ağalarlı, Gürcüstanda yaşayan Azərbaycanlı fəallar və jurnalistlər Azərbaycan hakimiyyətinin nəzarəti altındadır. Azərbaycan tərəf qondarma ittihamlarla azərbaycanlı fəalları və jurnalistləri nəyin bahasına olursa-olsun həbs edərək, yaxud oğurlyaraq Azərbaycana gətirməkdə israrlıdır”, – deyə Ə.Muxtarlı vurğulayıb.

Ə.Muxtarlı məktubunda onu da qeyd edib ki, Azərbaycan prokurorluğunun Fərman Ceyranlı ilə bağlı verdiyi suallar onu deməyə əsas verir ki, professor Azərbaycan hakimiyyətinin sifarişi ilə həbs olunub:

“Fərman Ceyranlı siyasi məhbusdur. Beynəlxalq təşkilatlar- Avropa Birliyi və Avropa şurasından xahiş edirəm ki, Gürcüstanda yaşayan azərbaycanlı fəal və jurnalistlərin təhlüksizlik məsələsini gündəlikdə saxlasın. Eyni zamanda Fərman Ceyranlının qısa müddət ərzində qeyd-şərtsiz azadlığa buraxılması üçün Gürcüstan hakimiyyətinə təzyiqləri artırsınlar”, – deyə Ə.Muxtarlı beynəlxalq qurumlara müraciət edib. Gözəl Bayramlı may ayının 25-də Gürcüstandan Azərbaycana qayıdarkən Qazax rayonunun Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsində saxlanılıb. O, qaçaqmalçılıqla ittiham olunub.

Dövlətin məlumatına görə, Əfqan Muxtarlı mayın 29-da Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Əfqan Muxtarlı dövlətin iddialarını təkzib edir və mayın 29-u saat 18:00 radələrinə yaşadığı Gürcüstan paytaxtı Tbilisidən oğurlanaraq Azərbaycana aparıldığını deyir.

O, qaçaqmalçılıq, sərhədi qanunsuz keçmək və sərhəd xidməti əməkdaşının həyat və sağlamlığına zor tətbiq etməkdə ittiham olunub. Əfqan Muxtarlı Gürcüstanda saxlandığı və Azərbaycana aparıldığı gün döyüldüyünü və daha sonra cibinə 10 min avro qoyulduğunu deyib. O, Facebook-da tənqidi statusları və jurnalistika fəaliyyətinə görə həsb edildiyini deyir. Dövlət Sərhəd Xidməti mayın 25-dı, Gözəl Bayramlının əl yükünə baxış keçirilərkən "bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaitinin aşkar olunaraq" götürüldüyünü deyib. Gözəl Bayramlı bundan əvvəl məhkəmə çıxışında bu pulu axtarışa aparan hüquq-mühafizə əməkdaşlarının onun əşyalarının içinə yerləşdirdiyini deyib. O, Gürcüstana müalicə məqsədilə getdiyini bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun