Zəhranın atası: "Prezident Aparatının qarşısına çıxacam..."

Zəhranın atası: "Prezident Aparatının qarşısına çıxacam..."
28 Avqust 2017
Mətni dəyiş

Ermənistan ordusunun təxribatı nəticəsində həlak olan 18 aylıq Zəhranın ailəsi Füzuli Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən aldadılıb. Bu barədə yenicag.az saytı yazı dərc edib. 

Məlumata görə, rayon icra hakimiyyətinin “ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş” şöbəsinin müdiri Qənimət Əliyev Zəhranın anasının savadsızlığından istifadə edərək, ərizəyə qol çəkdirib.

Bu barədə Zəhranın valideynləri tərəfindən prezident İlham Əliyevə ünvanlanan məktubda deyilir.

Həmin ərizədə guya ailənin onlara təklif olunan ev və digər məsələlərdən imtina etdiyi qeyd olunur.

"Kimləri kreslodan yıxacağımı bilirəm"

Məsələ ilə bağlı şəhidin atası Elnur Quliyevlə əlaqə saxlanılıb. E.Quliyev məlumatı təsdiqləsə də, bu barədə ətraflı danışmaq istəmədiyini dedi:

“Bu məsələni özüm həll edəcəm. Xahiş edirəm, heç kim qarışmasın. Özüm Prezident Aparatının qarşısına çıxacam. Mən kimləri kreslodan yıxacağımı bilirəm”.

Məsələ ilə bağlı açıqlama verən Qənimət Əliyev ortada ciddi anlaşılmazlığın olduğunu bildirib:

“Bu, Zəhranın ruhuna yad mövqedir. Burada ciddi anlaşılmazlıq var. Biz həmin ailə ilə söhbət etmişik. Bizə torpaqlarını atıb, getməyəcəklərini bildiriblər. Hazırda həmin evdə 3 nəfər yaşayır və mənzil şəraitləri də yaxşılaşdırılıb.

Şöbə müdiri deyib ki, icra hakimiyyəti tərəfindən digər şəhid ailələri kimi onlara da qayğı göstərilir.

"Biz bu mövqe ilə razılaşmırıq. Bir daha bəyan edirəm ki, burada ciddi anlaşılmazlıq var. Bizimlə bağlı belə bir müraciətin daxil olduğuna inanmıram”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun