Ali Məhkəmə müxalifətçinin kassasiya şikayətini təmin edib

Ali Məhkəmə müxalifətçinin kassasiya şikayətini təmin edib
24 Avqust 2017
Mətni dəyiş

Azərbaycan Ali Məhkəməsi müəllimlikdən uzaqlaşdırılmış Xalq Cəbhəsi Partiyasının Qəbələ rayon təşkilatının sədri İlham Quliyevin şikayətini təmin edib. Bu barədə Turan-a Quliyevin vəkili Tural Hacıbəyli bildirib.

Quliyev Hacıalılı kənd orta məktəbində müəllim işləyirdi. Müxalifətin etiraz aksiyalarında iştirak etdikdən sonra onu işdən kənarlaşdırıblar.

Quliyev məhkəməyə müraciət edərək, işə bərpa olunmasını və məcburi iş buraxma müddəti üçün orta aylıq əmək haqqının ödənilməsini tələb edib.

Qəbələ rayon məhkəməsi və onun ardınca Şəki Apellyasiya Məhkəməsi fəalın şikayətini təmin etməyib.

Avqustun 23-də Ali Məhkəmənin Mülki Kollegiyası kassasiya şikayətini təmin edib.

Qərara əsasən, Şəki Apellyasiya Məhkəməsinin aprelin 3-də verdiyi qərar ləğv edilib. Şəki Apellyasiya Məhkəməsi AXCP rayon təşkilatının sədrinin müraciətinə yenidən baxacaq.

Bir müddət əvvəl AXCP rəhbərliyi bildirib ki, 2016-cı ilin sentyabrında müxalifətin keçirdiyi mitinqlərdən sonra partiyanın 20-dən çox fəalı, əsasən dövlət büdcə təşkilatlarında işləyən fəallar işdən çıxarılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun