"Siemens" Rusiya şirkətləri ilə əməkdaşlığa son verib

"Siemens" Rusiya şirkətləri ilə əməkdaşlığa son verib
21 İyul 2017
Mətni dəyiş

Almaniyanın “Siemens” şirkəti elektrik stansiyası üçün avadanlıqların təchizatı ilə bağlı Rusiya dövlət şirkətləri ilə lisenziya müqaviləsini ləğv edəcək.

Abzas.net xəbər verir ki, buna səbəb şirkətin avadanlıqlarının Avropa İttifaqının sanksiyalarına rəğmən Krım ərazisində peyda olmasıdır.

Şirkət öz avadanlıqlarının qanunsuz olaraq Krıma daşınmasını təsdiq edib:

"Krımda jurnalistlər tərəfindən aşkarlanan 4 avadanlıqdan ən azı ikisi ərazi dəyişdirib və qanunsuz olaraq Krıma daşınıb".

"Etibarlı mənbələrdən aldığımız məlumata görə, Krımda aşkar olunan 4 avadanlıqdan ən azı ikisi Rusiyanın cənubunda yerləşən Tamanda gerçəkləşməli olan layihə üçün təchiz olunub və oradan qanunsuz şəkildə Krıma daşınıb", - deyə şirkətin bəyanatında qeyd olunub.

Şirkət açıqlamasında bildirilir ki, bununla da Aİ-nin sanksiyalarla bağlı qanunu pozulub:

"Bu hərəkətlər "Siemens"-lə olan müqavilələri kobud şəkildə pozur, etibarımızı zədələyir və Avropa İttifaqının qanunlarına ziddir".

Almaniya şirkəti Rusiya şirkətləri ilə olan lisenziya müqaviləsini ləğv etdiyini və 45.7 faiz səhmlərinə sahib olduğu "İnteravtomatika" şirkətinin səhmdarları sırasından çıxdığını bəyan edib.

Bundan əlavə, bəyanatda qeyd olunub ki, "İnteravtomatika" şirkətinin rəhbər şəxslərinin bu qanunsuz daşınmaya görə məsuliyyətə cəlb edilməli olduğlarını bildirib.

Həmçinin, şirkət Taman müqaviləsi üzrə təchiz olunmuş və daha sonra Krıma daşınmış avadanlıqların şirkətə geri qaytarılmasını tələb edəcək.

Xatırlatma

Siemensin SGT5-2000E model iki avadanlığı Sevastopol limanında gəmidən sahilə boşaldılarkən şəkilləri çəkilmişdi.

Krımın işğalına görə Rusiyaya qoyulmuş sanksiyalara əsasən, qərb şirkətləri adanı stansiya avadanlığı və digər bu tip məhsullarla təchiz edə bilməzlər. Bunu etdikdə isə onları böyük məbləğli cərimələr və digər cəzalar gözləyir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun