Qiyas İbrahimin anası Prezident Administrasiyasının qarşısında aksiya edəcək

Qiyas İbrahimin anası Prezident Administrasiyasının qarşısında aksiya edəcək
9 İyul 2017
Mətni dəyiş

2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan nidaçı gənc fəal Qiyas İbrahimov işgəncələrə məruz qalır. Bu barədə onun anası Şura Əmiraslanova bildirib.

Abzas.net xəbər verir ki, işgəncələrə etiraz olaraq fəalın anası Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirəcəyini bildirib.

İyun ayında Qiyas İbrahimov 2 saylı koloniyaya köçürüləndən sonra işgəncələrə məruz qalıb.

"Koloniyanın rəisi və rəis müavini Qiyası döyüblər. Ona görə də mən Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirəcəm", - deyə Şura Əmiraslanova bildirib.

Qiyas həbsxanadan məktub göndərərək həyatının təhlükədə olduğunu bildirib. "Zona" köçürüldüyü ilk gün onu "yoxlamaya mane olmaqda", "suallara səmimi cavab verməməkdə" ittiham edərək 15 sutkalığa "karser"ə salıblar.

Sonra onu həbsxana rəisinin müavini Şakir Qəniyevə qarşı kobudluq etməkdə günahlandırıblar.

Ş.Qəniyev onu döyüb təhqir etdikdən sonra əllərini qandallayıb və rəis Fikrət Qafarovun yanına aparıb. Orada döyməyə davam ediblər. Nəticədə Qiyas qulağından xəsarət alıb.

"Sən çox danışırsan, ağıllanmalısan, qanun deyirsən, budur mənim qanunum, xoşuna gəlirmi?", - Q.İbrahimov öz məktubunda rəisinin sözlərindən sitat gətirib.

Rəis Qiyas İbrahimovu Qobustan qapalı həbsxanasına göndərməklə hədələyib.

Penitensiar Xidmətdən Turan-ın müxbirinin sorğusuna cavab olaraq bildiriblər ki, Qiyas İbrahimovun söylədikləri əsassızdır, heç bir işgəncə yoxdur. O, digər məhbuslarla eyni şəraitdə saxlanılır.

Xatırlatma

Nidaçı fəallar Qiyas İbrahimov və Bayram Məmmədov ötən ilin mayında Heydər Əliyevin abidəsinin üzərinə siyasi şüarlar yazdıqlarına görə həbs olunublar.

Ancaq gəncləri qanunsuz narkotik maddə dövriyyəsində ittiham edərək 10 il azadlıqdan məhrum ediblər.

Amnesty International beynəlxalq hüquq-müdafiə təşkilatı onları "vicdan məhbusları" kimi tanıyıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun