Nardaran işi: Təqsirləndirilənlər ayaqqabılarını hakimə atdılar

Nardaran işi: Təqsirləndirilənlər ayaqqabılarını hakimə atdılar
20 İyul 2017
Mətni dəyiş

İyulun 20-də Bakı Apelyasiya Məhkəməsində “Müsəlman Birliyi" Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə növbəti məhkəmə iclası keçirilib.

Hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərlə hakim arasında dava düşüb. Hakim onlara çıxış üçün imkan verməyib. Bu isə təqsirləndirilən şəxslərin narazılığına səbəb olub və onlar ayaqqabılarını çıxarıb hakimə atıblar. Hakimlər zalı yarımçıq tərk ediblər.

Xatırlatma

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Taleh Bağırzadə 20, Abbas Hüseynov 20, Fuad Qəhrəmanlı 10, Cabbar Cabbarov 19, Rasim Cəbrayılov 17, Şamil Abduləliyev, Zakir Mustafayev, Cahad Babakişizadə, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin hər biri 14 il 6 ay, Ramin Yarıyev və Aqil Quliyev isə 10 müddətinə azadlıqdan məhrum ediliblər. Taleh Bağırzadə və Abbas Hüseynov cəzalarının 7 ilini qapalı rejimdə çəkəcəklər. Həmin şəxslərin barələrində olan hökmdən verilən apelyasiya şikayətlərində onların barələrində bəraət hökmünün çıxarılması istənilib.

2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı adları qeyd edilən şəxslər həbs edilib. Onlar Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham olunurlar. Əməliyyat zamanı 2 polis, 4 kənd sakini həlak olub.

T. Bağırzadə və digərləri ittihamı qəbul etmirlər. Onlar işgəncəyə məruz qaldıqlarını, ittiham saxta olduğunu bildirirlər. T. Bağırzadə bundan əvvəl bir neçə dəfə həbs edilib. O, hakimiyyəti sərt tənqid etməsi ilə tanınıb. T. Bağırzadə çıxışlarına görə, həbs edildiyini deyir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun