"Jurnalist hökumətdən, hakimiyyətdən nəsə alırsa, deməli, o rüşvət alır"

"Jurnalist hökumətdən, hakimiyyətdən nəsə alırsa, deməli, o rüşvət alır"
20 İyul 2017
Mətni dəyiş

İyulun 19-da pulsuz mənzil paylanan 250-dən çox media əməkdaşının adı açıqlandı. Prezident Yanında kütləvi İnformasiya vasitələrinə dəstək fondu - daha doğrusu siyasi hakimiyyətin bir qrup jurnalistə ev verməsi qızğın polemika mövzusuna çevrilib.

Kimlərin bu mənzillərə haqqı çatıb-çatmaması bir yana, əsas müzakirə mövzusu həm də ümumiyyətlə jurnalistlər hakimiyyətdən bu cür hədiyyə qəbul etməsinin peşə etikası qaydalarına nə qədər uyğun olmasıdır.

"Ondan da 3 il öncə siyahı istəmişdilər" 

Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev bildirir ki, ona da hələ 3 il öncə mənzil verilməsi üçün əməkdaşların siyahısını vermək təklif edilib. Amma agentlik bundan imtina edib. Mehman Əliyev hesab edir ki, bu, jurnalistin rüşvət almasının başqa bir formasıdır:

"Jurnalistin əsas vəzifəsi ictimai nəzarətidir. Bu nəzarət də ilk növbədə hakimiyyətin üzərində olmalıdır, jurnalistin funksiyası budur. Jurnalist hökumətdən, hakimiyyətdən nəsə alırsa, deməli, o rüşvət alır".

Mehman Əliyev hesab edir ki, son illər ölkədə yaşanan iqtisadi böhranın bir səbəbi də jurnalistlərin ictimai nəzarəti itirməsidir. Çünki həm də jurnalist nəzarəti olmadığından hakimiyyətdə rüşvət, korrupsiya, özbaşnalıq və digər hallar genişlədi, bu da iqtisadi böhrana gətirib çıxardı. Mehman Əliyev vurğulayır ki, elə bu önəmli funskiyasına görə media 4-cü hakimiyyət adlandırılır.

Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli müsavat qəzetinə müsahibəsində deyib ki, yeni mənzillərin verilməsi prezidentin jurnalistlərə hədiyyəsidir.

Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı da deyir ki, bu hal jurnalistlərin peşə davranış qaydalarına ziddir. «AZƏRBAYCAN JURNALİSTLƏRİNİN PEŞƏ DAVRANIŞI QAYDALARI»-nda göstərilir ki, jurnalist cəmiyyəti dəqiq informasiya ilə təmin etmək qabiliyyətinə mənfi təsir göstərə biləcək hər hansı şəxsi, siyasi və ya maliyyə xarakterli həvəsləndirmələr qəbul etməməli, qiymətli hədiyyə almamalı, yaxud özünə pulsuz xidmət göstərilməsinə şərait yaratmamalıdır. Rəşid Hacılının fikirincə jurnalistin hökumətdən ev alması öz peşəsinə xəyanətdir:

“Gəl bundan sonra oxucunu inandır ki, prezidentdən mənzil almış jurnalist onun, bu mənzilin ona nəsib olmasında rolu olmuş digər vəzifəli şəxslərin marağı olan məsələlərdə obyektiv ola biləcək, oxucunun, vətəndaşın maraqlarını üstün tuta biləcək. Jurnalisti haqsız tutmaq kimi ona ev hədiyyə etmək də siyasi korrupsiyadır. Dövlətin demokratik təsisatlarını dağıtmaqdır. Söz azadlığını boğmaqdır. Tənqid etməməyə, susmağa görə hədiyyə verməkdir”.

Mənzil almaq üçün 2 min jurnalist 9 nəfərdən ibarət komissiyaya sənədlərini təqdim edib. Komissiya üzvlərindən biri – Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli isə düşünür ki, jurnalistin hökumətdən ev almasında qeyri-etik bir hal yoxdur:

“Birincisi proses qapalı deyil şəffaf keçirilir. Adətən, deyirlər ki, bu rüşvətdir, jurnalistin susdurulması üçündür. Amma bu doğru deyil. İkincisi bu məxsusi jurnalistlər üçün keçirilən bir hal deyil. Azərbaycanda sosial dövlət tipi qurulur, buna uyğun olaraq da işlər görülür”.

Rəsmi statistikaya görə Azərbaycanda 20 min jurnalist var. Müşfiq Ələsgərli deyir ki, onun təşkilatının 2004-cü ildə apardığı araşdırmaya görə bu jurnalistlərin 85 faizi evsizdir.

Jurnalistlərin peşə etikası qaydalarında yazılır ki, jurnalist öz məlumat qaynağından hədiyyə, qonorar, pulsuz bilet, səfərlərin təşkili, eləcə də digər təklif və xidmətləri qəbul etməməlidir. Bir jurnalistin öz müsahibindən hədiyyə qəbul etməsi oxucuların önündə onu etibarsızlaşdırır, gerçəkləri yazacağına, obyektivliyinə inamı sarsıdır.

Mütəşəkkil cinayətləri və korrupsiya hallarını araşdıran layihənin baş redaktoru Drew Sullivan bildirir ki, jurnalistin hökumətdən mənzil alması jurnalistin etik standartlarını ciddi şəkildə pozur. Belə bahalı hədiyyəni qəbul edən jurnalist ən üstün

özəlliklərini – obyektivliyini və tənqidçi müstəqilliyini sual altında qoyur. Onun fikrincə, hazırda Azərbaycan hakimiyyəti jurnalistləri iki yolla susdurur:

"İki yox"

“Düşünürəm ki, indi Azərbaycan çətin durumdadır. Ölkənin yaxşı jurnalistlərə, insanların həqiqətiləri bilmələrinə ehtiyac var. Belə bir durumda Azərbaycan hakimiyyəti iki yolla jurnalistləri susdur. Birincisi jurnalistləri “rüşvətlə ələ almaq”, ikincisi isə sözün düzünü deyən, obyektiv çalışan jurnalistlərə təzyiqləri artırmaq, onları həbs etmək. İnsanlar bilməlidir ki, bu jurnalistlərə dəstək deyil, onların ələ alınmasıdır”.
Drew Sullivanın fikrincə, hökumətən bu cür hədiyyəni götürdüyü andan jurnalist öz statusunu itirir və hədiyyə aldığı qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin bir işçisi sayılır.

Azərbaycan hökuməti isə jurnalistlərə məznil verilməsini dövlətin onlara qayğısı kimi dəyərləndirir. Bir neçə ildir hökumət 22 iyul – Milli Mətbuat Günü jurnalistlərə yeni məznillər təqdim edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun