Ötən il Azərbaycan iqtisadiyyatı 3.1 faiz kiçilib

Ötən il Azərbaycan iqtisadiyyatı 3.1 faiz kiçilib
11 May 2017
Mətni dəyiş
Ötən il EBRD regionunda artım ortalama 1.8% olub ki, bu da bir il öncə ortaya qoyulmuş proqnozlara uyğun gəlib. Bu il orta artımın 2.4%, gələn ilsə 2.8% olacağı gözlənilir. Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) əməliyyat ölkələrində regional iqtisadi perspektivlərlə bağlı açıqladığı hesabatda belə deyilir.
Bank Rusiya iqtisadiyyatında da artım proqnozlaşdırır. 2015-16-cı illərdə 3%-lik düşüş qeydə alınmışdı. Bundan başqa, Orta Asiya, Şərqi Avropa, eləcə də Qafqazda artımın az olacağı gözlənir.
Mərkəzi Avropa və Baltik ölkələrində, həmçinin cənub-şərqi Avropada artımın möhkəmlənəcəyi proqnozlaşdırılır və bu, ötən il sərmayədəki yüksəlişlə izah olunur.
EBRD Ukrayna və Moldova iqtisadiyyatının tədricən özünə gəldiyini, ötən il Azərbaycan və Belarusda geriləmənin bütün regionda istehsalda durğunluq yaratdığını vurğulayır.
Hesabatda vurğulanır ki, ötən il Azərbaycan iqtisadiyyatı 3.1 faiz kiçilib. Qeyri-neft ÜDM-si 4.4 faiz azalıb. 2016-cı ildə kapital qoyuluşu düşüb və bu, artıq üçüncü ildir baş verir. 2017-ci ilin birinci rübündə əmtəə və xidmət istehsalı 0.9 faiz azalıb, bununla yanaşı, hesabat dövründə qeyri-neft sektoru 2.4 faiz böyüyüb.
GƏLƏN İLƏ 2 FAİZLİK ARTIM
Sərt makroiqtisadi siyasət qalmaqdadır. İnflyasiya bu ilin birinci rübündə ötən ilin eyni dövrüylə müqayisədə 13.2 faizə yüksəlib.
EBRD bildirir ki, ilin əvvəlində qısamüddətli təlatümə baxmayaraq, manat-dollar məzənnəsi sabitləşib. Bankların kreditləşməsi ötən il azalıb və kredit fəaliyyəti bu il də azalan xətt üzrə gedəcək. Səbəb bank sektorunda gedən konsolidasiya, məhdud monetar siyasət, manat likvidliyinin sərt idarə olunmasıdır.
"Dağlıq Qarabağ regionu artım perspektivinə risk yaradır. Bu il Azərbaycan iqtisadiyyatının 0.5 faiz kiçiləcəyini, gələn il 2 faiz artacağını proqnozlaşdırırıq", – EBRD bildirir.
EBRD dünyanın 36 ölkəsində fəaliyyət göstərir.
UZUNMÜDDƏTLİ ARTIMDAN AŞAĞIDIR
"Neftin qiymətləri 2016-cı ilin birinci yarısında düşdüyü səviyyədən yuxarı həddə sabitləşib. Rusiya iqtisadiyyatı isə ikiillik geriləmə dövründən çıxır", – EBRD hesabatında bildirir. Türkiyə, Şərqi və Cənubi Aralıq Dənizi regionları üçün proqnozlar zəifləyib, Bunun bir səbəbi təhlükəsizlik və geosiyasi risklər, turizm axını və investisiyanın azalmasıdır.
"Reuters" informasiya agentliyi yazır ki, EBRD-nin artım proqnozları Beynəlxalq Valyuta Fondunun proqnozlaşdırdığı qlobal artımdan, eləcə də EBRD-nin özünün uzunmüddətli orta artım səviyyəsindən aşağıdır.
EBRD bu il Türkiyə üçün artım proqnozunu 0.4 faiz kəsərək 2.6 faizə salıb. Ötən il türk lirəsi dollara qarşı 17 faiz zəifləyib, inflyasiya son 5 ildə ilk dəfə olaraq ikirəqəmli səviyyəyə çatıb.
Rusiya üçün builki artım proqnozu 1.2, gələn il üçün 1.4 faizdir.
Orta Asiyada bu il 3.8 faizlik artım gözlənir ki, bu, daha çox Çindən gələn investisiyaya bağlıdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun